Yaz fəslinin gəlişi ilə təbiət oyanır, torpaq nəfəs alır, bağ-bağça bar gətirir. Bu bərəkətli oyanışın ilk müjdələrindən biri isə göycədir. Göycənin adı gələndə hər kəsin üzü turşuyur, ağzı sulanır. O, elə bir meyvədir ki, nə gözdən, nə də könüldən iraq qalır. Göycə bizim uşaqlığımızın bağ yolçusu, nənə və babamızın torbasında gizlənən sirr, yazın ləziz tamıdır.
Artıq ənənə halını alan “Göycə” festivalı Naxçıvan şəhərindəki “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilir. Bu il festival 30–31 may tarixlərini əhatə edir. Keçirilən bu tədbir təkcə bir meyvənin yox, bütöv bir həyat tərzinin, kənd mədəniyyətinin bayramıdır.
Festivalın ruhunu, məqsədini və arxa planındakı duyğuları daha dərindən anlamaq üçün tədbirin təşkilatçıları, iştirakçıları və Naxçıvan sakinləri ilə həmsöhbət olduq.

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova: Festival, Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyinin təşəbbüsü və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilir. Bu festivalda Muxtar Respublikanın bütün rayonları üçün stendlər qurulub. Hər rayonu təmsil edən stendlərdə göycə məhsulları, dekorativ əl işləri və yerli mədəniyyət nümunələri sərgilənir. İstər dekorasiyası, istərsə də təşkilatçılığı ilə bu festival çox möhtəşəm olacaq.

Tanınmış teleaparıcı Jalə Həsənli: Mən ilk dəfədir Naxçıvanda oluram və Göycə festivalında iştirak edirəm. Alçanı və ümumiyyətlə turş meyvələri çox sevirəm, buna görə də bura mənə sanki cənnət kimi gəlir. Naxçıvanı və naxçıvanlıları çox sevdim, onlar çox mehriban, qonaqpərvər və gülərüz insanlardır. Ümid edirəm ki, gələcəkdə belə tədbirlərimiz daha çox olar və biz yenə xoş günlərdə görüşərik. İnşallah, Naxçıvanı qarış-qarış gəzib, xoş xatirələrlə buradan ayrılacağam.

Jurnalist Elçin Alıoğlu: Burada keçirilən festival nə bir yenilikdir, nə də innovasiya. Bizim bu dəqiqə dayandığımız torpaq Girdiman Yusifin qalası olub, burada “Qoqçə” adlı böyük bir qala yerləşib. Toponimika araşdırmaları göstərir ki, əslində Göycə festivalı çoxdan unudulmuş qədim bir ənənənin yenidən dirçəlişi, reinkarnasiyasıdır. Mən çox sevinirəm ki, bu qədim qala ərazisində belə bir festival təşkil olunur. Festival çərçivəsində adət-ənənələrimiz nümayiş etdirilir, Naxçıvanlılar özlərini və əl işlərini böyük qürurla təqdim edirlər. Bu festivalda iştirak edən hər kəsə uğurlar arzulayıram və ümid edirəm ki, illər keçdikcə burada daha çox qonaq toplanacaq, bu zəngin mədəniyyət daha geniş şəkildə tanıdılacaq.

Məktəbli Mötəbər Hüseynli: Göycə festivalında iştirak etdim və çox xoşuma gəldi. Burada musiqilər, rəqslər çox maraqlı idi, insanlarda bir sevinc vardı – elə bil hər kəs öz köklərinə bağlanmışdı. Festivalda çoxlu əl işləri gördüm, xüsusilə göycə məhsulları diqqətimi çəkdi. Mən alça meyvəsini çox sevirəm və burada onunla bağlı çox şey öyrəndim. İnsanlar çox mehriban və qonaqpərvərdir, hamı sanki bir ailə kimidir. Ümumiyyətlə, buradakı ab-hava mənim üçün çox fərqli və gözəl oldu. İnanıram ki, bu cür tədbirlər bizim ənənələrimizi qorumağa və gələcək nəsillərə ötürməyə kömək edəcək. Mən də növbəti illərdə yenə gəlmək istəyirəm.

Naxçıvan gənc könüllülərinin koordinatoru Uğur Hüseynov: Bu gün biz Azərbaycanın qədim və zəngin mədəniyyətə malik bölgələrindən biri olan Göycə mahalında keçirilən mədəni tədbirdə iştirak edirik. Festivalın əsas məqsədi Göycə mahalının tarixi, folkloru, sənətkarlıq irsi və ümumilikdə milli kimliyini yaşatmaq və təbliğ etməkdir. Festival yay aylarında təşkil olunur və müxtəlif bölgələrdən gələn insanlar arasında böyük maraq doğurur. Məqsəd yalnız bir bölgəni tanıtmaq deyil, həm də regionlararası mədəni inteqrasiyanı gücləndirmək, qeyri-maddi mədəni irsin qorunmasına və təbliğinə töhfə verməkdir. Bu festival vasitəsilə yaşlı nəsil öz xatirələrini bölüşür, gənclər isə bu dəyərlərlə tanış olur və onları mənimsəyir.

Azyaşlı məktəbli Aydan Abbasova: Mənim adım Aydandır, 6 yaşım var. Bu gün ailəmlə birlikdə Göycə festivalına gəlmişəm və çox sevinirəm. Burada hər şey çox rəngarəng və maraqlıdır: şarlar, musiqilər, klounlar var. Bura sanki nağıl dünyasıdır!
Səma Hüseynli
Naxçıvan televiziyasının redaktoru
