Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya dövlətlərini Qəzza zolağından təxliyə olunan xəstələri qəbul edərək onların müalicəsinə dəstək olmağa çağırıb.
NTV xəbər verir ki, bu barədə ÜST-nin Baş direktoru Tedros Adhanom Gebreyesus sosial platforma hesabında bildirib.
"Bu gün ÜST əksəriyyəti uşaqlardan ibarət olan 35 xəstənin və onları müşayiət edən 72 ailə üzvünün Qəzzadan İordaniyaya tibbi təxliyəsini həyata keçirib”, - deyə Gebreyesus vurğulayıb.
O, Qəzzada hələ də on mindən çox insanın təcili tibbi təxliyəyə ehtiyacı olduğunu diqqətə çatdırıb və daha çox ölkəni bu xəstələri qəbul etməyə çağırıb.
Baş direktor xəbərdarlıq edib ki, təxliyənin hazırkı sürəti ilə müalicəyə ehtiyacı olan bütün xəstələrin Qəzzadan çıxarılması illərlə vaxt apara bilər.
Qeyd edilib ki, Qəzzada səhiyyə sistemi acınacaqlı vəziyyətdədir. Xəstəxanaların əksəriyyəti fəaliyyətini dayandırıb, digərlərində isə imkanlar olduqca məhduddur.
