Cənab Prezidentin müsahibəsində unudulmuş sözə diqqət! “Detente”

Cənab Prezidentin müsahibəsində unudulmuş sözə diqqət! “Detente”

Dünən Azərbaycan Prezidenti cənab İlham Əliyev ümum-Rusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinə və “RİA Novosti” agentliyinə müsahibə verdi. Həmişəki kimi, müsahibəsi peşəkar, hərtərəfli, statistik, fakt yönümlü, gərginiliyi azaltmaq və sülhə çağırış yönümlü idi. Hər sözündə bir məna, hər fikrində yeni hədəflər olan Prezidentimizin bu tarixi müsahibəsi bizi çox qürurlandırdı. Heç bir gücdən qorxmayaraq sözünü cəsarətlə deməsi, supergüclərə yerini və həddini bildirməsi və onlara Azərbaycanın daxili işinə qarışmamasını tövsiyə etməsi böyük diplomatik siyasi iradənin nümunəsidir.

Cənab Prezident müsahibə boyunca bir çox faktlara diqqət çəkərək bütün çıxışlarında, müsahibələrində maksimum dərəcədə beynəlxalq leksikondan istifadə edir. Nədənsə işlətdiyi bir termin daha çox maraq çəkdi. “Detente”, yəni “gərginliyin azaldılması”. Dünyada yeni müharibə ocaqlarının yarandığı bir dönəmdə uzaqgörən lider “gərginliyin azaldılması” terminini işlətdi. Və vurğuladı ki, indi bu sözə beynəlxalq leksikonda ehtiyac var.

Bir ölkə düşünün ki, dünyadakı güclər ona basqı edir, düşməni günü-gündən silahlandırılır, bölgədə sönən od körüklənir, amma o ölkəni təmsil edən ali rəhbər gərginliyin azadılmasından danışır, sülhdən danışır, əmin- amanlıqdan danışır. Həm də rahatdır. Çünki ağıl sahibidir, güc sahibidir, yaxşı dostları və müttəfiqləri var. Makron hökuməti isə Hindistanla əl-ələ verib ABŞ-nin dəstəyi ilə şər üzərinə müttəfiqlik qurur, Ermənistana ölümcül hücum silahları tədarük edir.

 Azərbaycan 30 ildən artıq öz doğma dədə-baba torpaqlarından didərgin düşən sakinlərini azad olunmuş, yeni nəfəs, yeni ruh gəlmiş torpaqlara köçürmə prosesi ilə məşğuldur. Orada hava limanları, bağçalar, məktəblər tikir, qurur-yaradır. Və ən əsası, görülən bunca işi təhlükəyə atmaq olmaz. Sərhədə köçürülən bunca əhalinin öz torpağında, evində rahat yaşaması üçün dövlətimiz bütün qabaqlayıcı həmlələrə hazırdır.

Cənab Prezident, həmçinin müsahibəsində Azərbaycanın hərbi büdcəsinin 2025-ci ildə rekord büdcə olacağını vurğuladı. Və bu büdcənin ən azı 60 faizinin xərclənəcəyini bildirdi. Həmçinin onu da bildirdi ki, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, burada, bu yerdə bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək.

Sülhə kimlər maneə olur?

Biz hər zaman sülhsevər xalq olmuşuq. Biz sülh istəyirik. Lakin Qərb başqa oyun oynayır. Ermənistanda, bəlkə, maraqlıdır sülhə, çünki “dəmir yumruğ”u dadıb deyə burnundan qan qoxusu çəkilmir. Sülh sazişinin 17 maddəsinin 15-i razılaşdırılıb, qalıb iki maddəsi. Ümidvarıq ki, bu iki maddə də tezliklə öz həllini tapacaq, yoxsa nə ATƏT, nə Fransa, nə də ki ABŞ Ermənistanı Azərbaycanın cəngindən xilas edə bilməyəcək. Bəlkə də, bu onlara vurulan son zərbə olacaq.

İllərdir, ATƏT-in Minsk qrupu Qarabağ məsələsini guya ki, həllinə çalışdı, amma, əksinə, baş yastıqlamaqla məşğul oldu. İndi ki, Qarabağ məsələsi həll olunub və Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, onda nəyə lazımdır bu qrup? Cavab çox sadə və lakonik. Revanşist planlarını həyata keçirmək üçün.

Azərbaycan dövləti hər zaman sülhsevər ölkə olaraq tanınıb. Həm İkinci Qarabağ savaşında, həm də antiterror əməliyyatlarında Azərbaycan Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiya planını rəsmi dərc etdi. Orada təhsil almaq, mədəni mühiti qoruyub saxlamaq, reinteqrasiya, inteqrasiya, yaşamaq üçün müraciət etmək, vətəndaşlıq almaq və işləmək üçün icazə verilməsinədək hər şey qeyd olunmuşdur. Yaşasalar da, yaşamasalar da, bizə xoşdur. Atalar deyir: “Çörəyi ver çörəkçiyə birini də artıq”. Cənab Prezident İlham Əliyev demişkən: “…Əgər onlardan hər hansı biri bütün bu baş verənlərdən sonra hansısa anlaşılmaz “Dağlıq Qarabağ respublikasında” yaşadığını düşünürdüsə, bu onların problemidir”.

Bu gün dünyada sülhdən danışan, lakin məqsədi və niyyəti talan, qarət olan Fransa Yeni Kaledoniyadan ta ki Mayot adasınadək olan ərazilərdə təbii mədənləri yağmalamaqla və diktatorluqla məşğuldur. Onlar özləri də yaxşı bilir ki, artıq iflas edir, fiyasqoya uğrayırlar. Bu rəzil və gülünc durumla da bizə diş keçirmək istəyirlər. Prezident cənab İlham Əliyev demişkən: “Onların bizə batırmaq istədikləri dişləri artıq sınıb. Heç olmasa, qalanları qoruyub saxlasınlar”.

Cənab Prezident müsahibəsində onu da vurğuladı ki, Trampın Prezident seçilməsi məhz onu göstərən amildir ki, o, elə bizimlədir. Yəni ənənəvi dəyərlərə münasibətdə bir qayıqdayıq. Müharibələrə son qoymalı, talan və qarətlərin qarşısını almalı, dünyanı sülh və əmin-amanlığa səsləməli, həmçinin bu kimi tendensiyalara qoşulmalıyıq. Qoşuluruq və bir an belə olsun bundan geri durmuruq. Bunu bizə 44 günlük Zəfər tariximizi yazan Müzəffər Ali Baş Komandan öyrətdi. Bunu, həqiqətən də, özünün də dediyi kimi liderlərə inanan cəmiyyət edəcək.

Fariz Əhmədov

Naxçıvan televiziyasının baş redaktoru

 

 

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM