Hər bir xalqın tarixində baş verən hadisələr, həmin xalqın tarixi salnaməsidir. Azərbaycan xalqının tarixində və taleyində yaşanmış hadisələr xalqımızın keçdiyi yol olmaqla yanaşı, həm də millətimizin özünüdərk prosesində mühüm rol oynayır. Amma təəssüflə qeyd etməliyik ki, elə hadisələr də var ki, xalqımızın həm qürur, həm də qanlı səhifəsini özündə əks etdirir. Bu gün biz 35 il bundan əvvəl baş vermiş 20 Yanvar faciəsinin ildönümünü yad edərkən həm böyük qürur hissi keçirir, həm də həmin hadisəni böyük kədər hissi ilə yad edirik. Qürur hissi ona görə keçiririk ki, xalqımızın milli özünüdərk prosesində böyük rol oynamış bu faciə, müstəqillik arzularımızın reallığa çevrilməsində böyük rol oynayıb. Keçmiş sovet ittifaqı tərəfindən törədilmiş bu qanlı cinayət hadisəsi ulu əcdadlarımızın arzuladığı, lakin nail ola bilmədikləri milli müstəqilliyə gedən yolda mühüm rol oynamışdır. Kədər hissi ona görə keçiririk ki, xalqımız itki verdi və millətimizin igid övladları öz qanları bahasına milli birliyimizin qorunub saxlanılmasına nail oldular. Azadlıq, müstəqillik, ərazi bütövlüyümüz naminə canlarından keçdilər, şəhid oldular.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.
Tarixi faktlar göstərir ki, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.
Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib. Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib.
Həmin dövrdə Naxçıvana, xüsusilə Ermənistanla sərhəddə yerləşən Sədərək rayonuna ermənilərin hücumu, sərhəd bölgəsində erməni silahlı qüvvələrinin fəallaşması bir daha göstərir ki, ermənilər mərkəzdən tapşırıq almış və azərbaycanlılara qarşı xüsusi vəhşiliklər və qəddarlıqlar törətmək, ərazilərimizi işğal etmək məqsədilə ciddi hazırlıq görmüş və xüsusi təlimat almışlar. Belə ki, 1990-cı ildə yanvarın 19-dan 20-nə keçən gecə erməni hərbi birləşmələrinin Sədərək rayonuna gözlənilmədən hücumu nəticəsində Sədərək döyüşləri başlamışdır. Bununla yanaşı, 1990-cı il yanvar ayının 18-də strateji əhəmiyyət kəsb edən Kərki kəndinin işğalı da göstərir ki, həmin dövrdə sovet ittifaqı rəhbərliyi Naxçıvanın işğal edilməsi ilə bağlı Ermənistana xüsusi tapşırıqlar vermişdir. Böyük qürur hissi ilə deyə bilərik ki, igid oğullarımızın düşmən hücumlarının qarşısını qətiyyətlə və böyük cəsarətlə almaları nəticəsində Naxçıvan işğal təhlükəsindən xilas ola bilmişdir.
Faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib.
1990-1993-cü illər xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Naxçıvanda yaşayıb işləməsi və böyük fəaliyyəti nəticəsində blokada şəraitində yaşayan Naxçıvanı işğal təhlükəsindən qorumuş və növbəti faciələrin qarşısının alınmasında əvəzsiz rol oynamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ümummilli Lider Heydər Əliyev Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirib.
1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib. Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir.
Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Hadisə Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb.
Böyük fəxarət hissi ilə qeyd etməliyik ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyevin sayəsində, birbaşa rəhbərliyi və Ali Komandanlığı nəticəsində Qarabağ problemi öz həllini tapdı, ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin edildi. İnanırıq ki, Azərbaycanın müstəqilliyi dönməz, əbədi və sarsılmaz olacaq. Ölkəmizdə yürüdülən məqsədyönlü siyasət nəticəsində xalqımız bir daha belə faciələr yaşamayacaq.
İnci MUSTAFAZADƏ
Naxçıvan Dövlət Universitetinin əməkdaşı