İyulun 20-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Özbəkistanın baş prokuroru Niqmatilla Yuldoşevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən NTV-yə bildirilib ki, görüşdə Azərbaycan ilə Özbəkistan arasında strateji müttəfiqlik münasibətləri, parlamentlərarası əlaqələr, hüquq və qanunvericilik sahəsində əməkdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub.
Milli Məclisin sədri ölkələrimiz arasında münasibətlərin qardaşlıq, dostluq və qarşılıqlı etimada əsaslandığını bildirib. O, dövlətlərarası əlaqələrimizin keyfiyyətcə yeni mərhələyə yüksələrək strateji müttəfiqlik səviyyəsinə çatmasında Azərbaycan Prezidenti İlham Əliyevlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında formalaşmış səmimi dostluq və etimada əsaslanan siyasi dialoqun mühüm rolunu vurğulayıb. Bildirilib ki, Azərbaycan və Özbəkistan beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edir, beynəlxalq platformalarda bir-birinin mövqeyini ardıcıl şəkildə dəstəkləyirlər.
Özbəkistanın baş prokuroru Niqmatilla Yuldoşev Azərbaycana hər səfərində ölkəmizin dinamik inkişafının şahidi olduğunu qeyd edərək, əldə olunan uğurları böyük məmnunluqla izlədiklərini söyləyib. O, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərini ölkənin yüksək quruculuq potensialının bariz nümunəsi kimi dəyərləndirib. Qonaq Azərbaycanın Cənubi Qafqazda davamlı sülhün bərqərar olunması istiqamətində atdığı addımları və regionda yeni əməkdaşlıq imkanlarının formalaşmasına verdiyi töhfələri yüksək qiymətləndirib.
Niqmatilla Yuldoşev Azərbaycan ilə Özbəkistan arasında parlamentlərarası əlaqələrin də uğurla inkişaf etdiyini qeyd edərək, bu əməkdaşlığın iki ölkə arasında münasibətlərin mühüm istiqamətlərindən birini təşkil etdiyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
