Azərbaycan dövləti üzərinə düşən öhdəlikləri yüksək sürətlə yerinə yetirir. İlk növbədə, dəmir yolu xətlərinin çəkilməsi və avtomobil yolu layihələrinin icra səviyyəsi artıq kifayət qədər yüksəkdir. 2027-ci ilin əvvəlinədək hər iki layihənin Ermənistan sərhədinədək çatdırılması planlaşdırılır.
NTV xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə birgə keçirilən mətbuat konfransında söyləyib.
O əlavə edib ki, Naxçıvan Muxtar Respublikası ərazisində təxminən 180 kilometr uzunluğunda dəmir yolu xətti mövcuddur. Lakin həmin xətt təxminən 30 il ərzində istismar olunmadığından onun bərpası üçün əlavə investisiyalara və genişmiqyaslı yenidənqurma işlərinə ehtiyac var. Bu istiqamətdə işlərə artıq başlanılıb.
"Bundan əlavə, mühüm layihələrdən biri də Qars–İğdır–Dilucu dəmir yolu layihəsidir. Qardaş Türkiyə ərazisində bu layihənin tikintisi artıq başlanıb və icra prosesi davam edir.
Bütün bu layihələrin həyata keçirilməsi və vaxtında başa çatdırılması regionun inkişafı üçün yeni imkanlar yaradacaq. Bu, təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin bərpasına xidmət etməyəcək, həm də Şərq–Qərb və Orta Dəhliz marşrutlarına yeni ölçü qazandıracaq", - deyə C.Bayramov əlavə edib.
