Naxçıvanda Çanaqqala zəfərinin 108-ci ildönümü qeyd olunub - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvanda Çanaqqala zəfərinin 108-ci ildönümündə şəhidləri və zəlzələ qurbanlarını anma mərasimi keçirilib.

Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Asip Kaya, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının xarici əlaqələr üzrə baş məsləhətçisi Beyrək Cəfərov, Türkiyə ordusunun zabitləri, ictimaiyyət və media nümayəndələri, türkiyəli tələbələr Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanını ziyarət ediblər. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, türk şəhidlərinin xatirəsinə ucaldılan abidənin və ana abidəsinin önünə əklil və gül dəstələri qoyulub.

Daha sonra anım tədbiri Türkiyənin Naxçıvandakı Baş konsulluğunda davam edib. Hər iki ölkənin şəhidləri, zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himnləri səsləndirilib. Quran tilavət edilib, şeirlər səsləndirilib.

Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya bildirib ki, 1915-ci ildə Çanaqqalada əsrin ən böyük savaşlarından biri olub. Çanaqqala boğazını keçərək Türkiyəni fəth etmək xülyasında olan dövrün ən böyük donanmalarını və dünyanın hər yerindən gələn hərbçilərdən ibarət böyük bir ordunu türk milləti və ordusu məğlubiyyətə uğradıb. Könüllü azərbaycanlılar da bu müharibədə iştirak edib, şəhid olub.  

Asip Kaya bu il fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ nəticəsində 50 minə yaxın insanın həlak olduğunu, minlərlə insanın xəsarət aldığını bildirib, Azərbaycanın qardaş dəstəyini xüsusi vurğulayıb.

Sonra Çanaqqala savaşını və zəlzələdən zərər çəkən insanlar üçün Naxçıvandan Türkiyəyə göstərilən qardaş dəstəyini əks etdirən videomateriallar təqdim edilib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM