Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunda aparılan tədqiqatlar nəticəsində əmək bazarının İKT profilli mütəxəssislərə tələbi öyrənilib, ali təhsil proqramlarının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb.
İnstitutdan NTV-yə bildirilib ki, aparılan təhlillər əsasında son illərdə bir sıra ixtisaslar yenilənib, proqram mühəndisliyi, kompüter mühəndisliyi, data analitikası, kibertəhlükəsizlik və digər yeni ixtisaslar tədris proqramlarına daxil edilib. Mütəxəssislərin fikrincə, rəqəmsallaşmanın sürətlənməsi bəzi ənənəvi ixtisasların aktuallığını azaltmaqla yanaşı, yeni peşələrin yaranmasına səbəb olur. Bu isə innovativ düşüncəli və yüksəkixtisaslı kadrların hazırlanmasını zəruri edir. Buna görə də ali təhsil proqramlarının məzmunu mütəmadi yenilənməli, beynəlxalq təcrübə və əmək bazarının tələbləri nəzərə alınmalıdır.
Tədqiqatçılar qeyd edirlər ki, rəqəmsal transformasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində qarşıya qoyulan strateji hədəflərin icrası İKT üzrə peşəkar kadr hazırlığından birbaşa asılıdır. Bu baxımdan əmək bazarının mütəmadi monitorinqi və təhlili mühüm əhəmiyyət daşıyır.
Rəqəmsallaşma bütün sahələri əhatə etdiyindən səhiyyədə də yeni ixtisaslara ehtiyac yaranıb. Xüsusilə rəqəmsal tibb və elektron səhiyyə sistemlərinin inkişafı tibbi informatika üzrə mütəxəssislərə tələbatı artırıb. Eyni zamanda, İKT və süni intellekt texnologiyalarının geniş tətbiqi kibercinayətkarlıq risklərini artırdığından informasiya hüququ, rəqəmsal kriminalistika və kibertəhlükəsizlik kimi ixtisaslar daha da aktuallaşır.
Mütəxəssislər hesab edirlər ki, rəqəmsal bacarıqların inkişafı üçün fasiləsiz təhsil, ixtisasartırma və yenidən hazırlıq proqramlarının genişləndirilməsi vacibdir. Onların sözlərinə görə, dövlət səviyyəsində həyata keçirilən təşəbbüslər, o cümlədən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” ölkədə kadr potensialının gücləndirilməsinə mühüm töhfə verir.
