Regionumuzun münaqişələrlə deyil, inkişaf layihələri ilə, parçalanma ilə deyil, ortaq rifah təşəbbüsləri ilə tanınması ən böyük arzumuzdur. Bu baxışın ən ümidverici təzahürünü bu gün Azərbaycan ilə Ermənistan arasında gedən sülh prosesində görürük. Tərəflərin nümayiş etdirdiyi iradə regionumuz üçün real imkan pəncərəsi açıb.
NTV xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşündən sonra mətbuata açıqlamasında deyib.
“Azərbaycan ilə Ermənistan arasında sülh prosesini dəstəkləyirik. Azərbaycanın qanuni narahatlıqlarının aradan qaldırılmasını və sülh sazişinin gecikdirilmədən imzalanmasını da arzulayırıq. Ermənistanla apardığımız normallaşma prosesi də Azərbaycanla sıx koordinasiya şəraitində davam edir. Son dörd il ərzində bu istiqamətdə mühüm irəliləyişlər əldə olunub”, - deyə nazir bildirib.
O, qeyd edib ki, bütün regionun ortaq maraqlarına xidmət edən bu müsbət dövrü inkişaf etdirmək üçün fəaliyyətlər qətiyyətlə davam etdirilir.
