Cəhri qəsəbəsinə yeni içməli su xətti çəkilir - VİDEO

Muxtar respublikamızda mövcud hidroresurslardan istifadə olunaraq əhalinin ekoloji təmiz və dayanıqlı içməli su ilə təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hazırda Babək rayonunun Cəhri qəsəbəsinin içməli su təchizatının daha da yaxşılaşdırılması istiqamətində işlər görülür, qəsəbəyə yeni içməli su xətti çəkilir. Cəhriçayın sağ sahilində, Lizbirt dərəsində suyun xətdə yığılması məqsədilə 6 metr dərinlikdə 2 kapitaj qazılıb, 190 və 100 metrlik borular döşənilib, ərazidə 4 baxış quyusu qoyulub.

Cəhriçay vadisində çəkilən su xəttinin Payız kəndindən keçən hissəsində işlər sürətlə davam etdirilir. İçməli suyun qəsəbəyə çatdırılması üçün layihə üzrə 8500 metrdə iş aparılması nəzərdə tutulub. İndiyədək 6892 metr müxtəlif diametrli borular karoziyaya qarşı bitumlanıb və qaynaq edilərək xəttə birləşdirilib. Ərazinin relyefi nəzərə alınaraq 7192 metrdə qazıntı aparılıb və birləşmə işləri başa çatan ərazilərdə hamarlama işləri görülür.

Qeyd edək ki, dağətəyi və quraq ərazidə yerləşən Cəhri qəsəbəsi tarixən içməli və suvarma su təminatından əziyyət çəkib. Ötən illərdə istifadəyə verilən Heydər Əliyev Su Anbarı sağ sahil kanalı qəsəbənin suvarma suyu ilə təminatının müəyyən qədər ödənilməsinə şərait yaradır. Lakin havaların quraq və isti keçməsi içməli su ilə bağlı çətinliklərin yaranmasına gətirib çıxarır. Bütün işlər başa çatdıqdan sonra qəsəbə əhalisinin içməli suya olan tələbatı tam ödəniləcək, ev birləşmələri aparılaraq  mənzillərə davamlı içməli su veriləcək. Cəhridə ötən ildən başayaraq geniş abadlıq işləri də görülür, yollar genişləndirilir, hasarlar çəkilir, kommunikasiyalar yenilənərək müasir səviyyəyə çatdırılır. 

Xosrov İbrahimov

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM