Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Rustem Umerov Cenevrədə ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə görüşünün başladığını bildirib.
NTV xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, Ukrayna tərəfindən bu gün nümayəndə heyətinin tərkibinə deputat David Araxamiya, dövlət xadimi, iqtisadçı və siyasətçi Aleksey Sobolev və Ukraynanın iqtisadiyyat, ətraf mühit və kənd təsərrüfatı nazirinin müavini Darina Marçak daxil olub.
"Hökumətin iqtisadi komandası ilə birlikdə biz firavanlığın təmin edilməsi üzrə tədbirlər paketini hazırlayacağıq: Ukraynanın bərpası və iqtisadi dəstək mexanizmləri, investisiyaların cəlb edilməsi alətləri və uzunmüddətli əməkdaşlıq çərçivəsi", - o yazıb.
R.Umerov qeyd edib ki, David Araxamiya ilə birlikdə Rusiya tərəfinin iştirakı ilə üçtərəfli danışıqların növbəti raunduna hazırlığı müzakirə edəcək.
"Humanitar aspekt və mümkün mübadilələr vacib məsələlərdir. Vətəndaşlarımızın geri qaytarılması ilə bağlı konkret nəticələrə ümid edirik. Biz praktiki həll yollarına fokuslanmışıq. Nəticələr barədə görüş başa çatdıqdan sonra məlumat verəcəyik", - o qeyd edib.
