Fransız avtomobil istehsalçısı “Stellantis” 2025-ci ili 22,3 milyard avro zərərlə başa vurub. Bu nəticə əsasən elektrik mühərrikli avtomobillərlə bağlı strategiyaya yenidən baxılması üçün ayrılmış 25,4 milyard avroluq fövqəladə xərclə bağlıdır. Xüsusilə ABŞ-də elektromobillərin satışları gözləniləndən xeyli aşağı olub.
NTV xəbər verir ki, şirkətin illik dövriyyəsi 2 faiz azalaraq 153,5 milyard avro təşkil edib. Satış həcmi isə 1 faiz artaraq 5,48 milyon ədədə çatıb.
Əməliyyat zərəri 842 milyon avro, mənfəət marjası isə mənfi 0,5 faiz olub. Bu nəticələrə isə əlverişsiz valyuta məzənnələri və ilin ilk yarısında qiymətlərin aşağı salınması təsir göstərib. Bu, keçmiş baş direktor Karlos Tavares dövründə tətbiq edilən yüksək qiymət siyasətindən geri addım kimi qiymətləndirilir.
ABŞ-nin gömrük rüsumlarının təsiri 2025-ci ildə 1,2 milyard, 2026-cı ildə isə 1,6 milyard avro həcmində qiymətləndirilir. Bu proqnoz ABŞ Ali Məhkəməsi tərəfindən bəzi tarif tədbirlərinin ləğv edilməsinə baxmayaraq qüvvədə saxlanılıb.
“Stellantis” elektrik strategiyasında dönüş edərək “NextStar Energy” şirkətindəki 49 faizlik payını satıb. Bununla yanaşı, ABŞ-də “Samsung” ilə birgə müəssisədən çıxmağı nəzərdən keçirir. Eyni zamanda, şirkət Şimali Amerika və Avropada, o cümlədən dizel modellər də daxil olmaqla daxili yanma mühərrikli avtomobillərin istehsalını yenidən artırmağı planlaşdırır.
Bu göstərici Fransa şirkətləri arasında indiyədək qeydə alınmış ikinci ən böyük zərərdir. Rekord 2002-ci ildə 23,3 milyard avro zərər açıqlayan “Vivendi”yə məxsusdur. Daha sonra 2002-ci ildə 20,7 milyard avro zərər edən “France Télécom” və 2022-ci ildə 17,9 milyard avro itki açıqlayan EDF gəlir. Bu nəticə, həmçinin 2020-ci ildə 8 milyard avro zərər açıqlayan “Renault” rekordunu da xeyli üstələyir.
