“Terrorsuz Türkiyə” təşəbbüsünün həyata keçirilməsində irəliləyişlər fonunda Ankara terrorizmə qarşı mübarizə zonalarında Türkiyə ordusunun bir neçə mövqeyinin birləşdirilməsini və ya yenidən təşkil edilməsini nəzərdən keçirə bilər. Lakin bu, hərbi bazaların bağlanması demək deyil.
NTV xəbər verir ki, “Türkiye” qəzeti bu barədə Ankaranın təhlükəsizlik aparatındakı mənbələrə istinadla məlumat yayıb.
Mənbələr “qoşunların sürətlə geri çəkilməsi” və PKK terrorçularına qarşı mübarizədə uğursuzluq iddialarını təkzib ediblər. Qəzet qeyd edib: “Hazırkı mərhələdə Türkiyə qoşunlarının Şimali İraq da daxil olmaqla əməliyyat zonalarından çıxarılması gündəmdə deyil. Əməliyyat zonalarında sərhəd bölmələrinin və ya şəxsi heyətin sayında heç bir azalma olmayacaq”.
Mənbələr vurğulayıblar ki, milli təhlükəsizliyə təhdidlər tamamilə aradan qaldırılana qədər Türkiyə təhlükəsizlik qüvvələrinin missiyası davam edəcək.
