Böyük Britaniyada idxal olunan yumurtalarla əlaqələndirilən salmonella infeksiyasına yoluxanların sayı 500-ə çatmaqdadır.
NTV BBC-yə istinadla xəbər verir ki, ötən həftə açıqlanan 207 yoluxma halının sayı 259-a yüksəlib. Bundan əlavə, infeksiyanın iki yeni klasteri müəyyən edilib və bununla da qeydə alınan halların ümumi sayı 474-ə çatıb. Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyinin məlumatına görə, infeksiya ilə əlaqədar 2 ölüm faktı qeydə alınıb.
Yoluxma hallarının bəziləri təxminən 1 il əvvələ təsadüf etsə də, aşkarlanan bakteriyaların genetik baxımdan demək olar ki, eyni olduğu bildirilir. Bu isə yoluxmaların ortaq qida mənbəyi ilə əlaqəli ola biləcəyini göstərir.
İndiyədək əldə olunan məlumatlara əsasən, mütəxəssislər insanların evdə hazırlanan yumurtalardan deyil, əsasən ictimai iaşə obyektlərində yemək yedikdən sonra xəstələndiyini bildirirlər. Salmonella hallarına Avropanın digər ölkələrində də rast gəlinib. Niderlandda 106, Belçikada 15, Almaniyada 6, Fransada 4, Avstriyada 2, Danimarkada isə 1 yoluxma halı qeydə alınıb. Niderlandda aparılan araşdırmalar yoluxmaların yumurtadan deyil, toyuq əti ilə əlaqəli ola biləcəyini göstərir.
Salmonella bakteriyasına çiy və ya kifayət qədər bişirilməmiş quş və digər ət məhsullarında, eləcə də yumurtada rast gəlinə bilər.
Böyük Britaniyada xəstələnənlərin üçdə birindən çoxunun xəstəxanada müalicəyə ehtiyacı olub. Yoluxanlar arasında körpələrlə yanaşı, 92 yaşadək şəxslər də var. Bununla belə, əksər insanlar xüsusi müalicəyə ehtiyac olmadan sağalırlar.
