Beynəlxalq “Bernstein” analitik şirkətinin şərhçiləri bitkoinin qiymətinin 2029-cu ilin sonunadək 300 min dollara çata biləcəyini gözləyirlər.
NTV “Investing” nəşrinə istinadla xəbər verir ki, “Bernstein”in analitiki Qautama Çuqaninin sözlərinə görə, bitkoinin 150 min dollarlıq yeni tarixi maksimuma artıq 2027-ci ilin ortalarına qədər çatması mümkündür.
Proqnoz bitkoinin ənənəvi dördillik dövr üzrə inkişafını davam etdirəcəyi ehtimalına əsaslanır.
“Bernstein” hesab edir ki, faiz dərəcələrinin uzun illər ərzində aşağı salınması dövrü başa çatıb. Bununla yanaşı, hökumətlər dövlət borcunun və onun xidmətinə çəkilən xərclərin artması ilə üzləşir.
Analitiklərin fikrincə, yüksək faiz dərəcələri büdcə kəsirlərinin daha da artmasına və dövlətlərin yeni borclanmalara ehtiyacının yaranmasına səbəb ola bilər. “Bernstein”də hesab edirlər ki, belə vəziyyətdə hakimiyyət orqanları milli valyutaları zəiflətməklə iqtisadiyyatı dəstəkləməyə çalışacaqlar.
Ekspertlər hesab edirlər ki, bu, investorların təklifi məhdud olan aktivlərə, o cümlədən bitkoinə marağını artıra bilər.
“Bernstein”də, həmçinin iri maliyyə təşkilatlarının və özəl investorların kriptovalyutaya marağının artdığını qeyd edirlər.
Bununla yanaşı, şirkət “MicroStrategy” səhmləri üzrə hədəf qiymətini 450 dollardan 350 dollara endirib, səhmlərlə bağlı “bazar göstəricisindən yüksək” tövsiyəsini isə saxlayıb.
“MicroStrategy” bitkoinin ən böyük korporativ sahibidir və onun ümumi dünya həcminin təxminən 4 faizinə sahibdir.
