Gürcüstanın Poti Dəniz Limanında cari ilin ilk 8 ayında yük daşımaların həcmi artıb.
NTV xəbər verir ki, bu barədə limanın operatoru olan “APM Terminals Poti” məlumat yayıb.
Bildirilir ki, hesabat dövründə limanda 464 min 605 TEU konteyner aşırılıb. Bu, göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz çoxdur. Konteyner dövriyyəsinin aylıq ən yüksək göstəricisi isə iyul ayında qeydə alınıb – 65 min 759 TEU.
Şirkətin məlumatına görə, bu ilin iyun-avqust aylarını əhatə edən yay mövsümündə də Poti limanında yük dövriyyəsi ötən ilin eyni dövründəki göstəricini üstələyib. Belə ki, cari ilin yayında 187 min 524 TEU konteyner aşırılıb. Ötən ilin yayında bu göstərici 176 min 272 TEU təşkil edib.
Yanvar-avqust aylarında Poti limanı 291 konteyner gəmisi qəbul edib. Ötən ilin eyni dövründə bu göstərici 239 gəmi olub. Təkcə avqust ayında limana 38 konteyner gəmisi daxil olub.
Ümumi yük daşımalarının həcmi isə 297 min 361 ton təşkil edib. Bu göstərici illik müqayisədə 55 faiz artıb.
Bərə gəmiləri ilə daşınan yüklərin həcmi də artıb. Belə ki, cari ilin ilk 8 ayında bu göstərici 143 min 454 ton olub. Ötən ilin eyni dövründə isə bərə daşımalarının həcmi 113 min 60 ton təşkil edib.
