Türkiyənin 2023-cü ilin fevralında baş vermiş dağıdıcı zəlzələlərdən zərər çəkmiş 11 vilayətində mədəni irs obyektlərinin bərpasına ümumilikdə 24 milyard lirə xərclənib. Qalan layihələrin başa çatdırılması ilə investisiyaların həcmi 34 milyard lirəyə (698 milyon dollardan çox) çatacaq.
NTV xəbər verir ki, bunu Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy deyib.
Nazirin sözlərinə görə, Türkiyənin Mədəni İrs və Muzeylər Baş İdarəsinin xətti ilə fəlakət bölgəsində üç il ərzində nəzərdə tutulan 79 layihə başa çatdırılıb, Vəqflər Baş İdarəsinin səyləri ilə isə 377 layihə həyata keçirilib.
“Qalalar, məscidlər, muzeylər və tarixi bazarların ərazilərində genişmiqyaslı işlər davam edir. Zəlzələlərdən zərər çəkmiş bütün vilayətləri tarixi və mədəni obyektləri ilə birlikdə bərpa edəcəyik”, – deyə nazir vurğulayıb.
M.N.Ersoy nümunə kimi zəlzələlərin episentri olmuş və iki güclü yeraltı təkan nəticəsində 53 mindən çox insanın həyatını itirdiyi Kahramanmaraşın tarixi qalasının bərpası layihəsini göstərib. Artıq həmin qala vilayət sakinlərinin və qonaqların ziyarəti üçün açılıb.
Nazirliyin rəhbəri bildirib ki, 2026–2027-ci illərdə 11 vilayətdə Anadolunun irsinin bərpası ilə bağlı daha 168 layihə başa çatdırılacaq.
