satellite   Azerspace-1: 11135 H 30000

2027-ci il Formula 1 Azərbaycan Qran-prisinin tarixi açıqlanıb

2027-ci il Formula 1 Azərbaycan Qran-prisinin tarixi açıqlanıb

Formula 1 və Beynəlxalq Avtomobil Federasiyası (FIA) Ümumdünya Avtoidman Şurasının təsdiqindən sonra 2027-ci il Formula 1 dünya çempionatının təqvimini açıqlayıb.

Bakı Şəhər Halqasından NUHÇIXAN-a verilən məlumata görə, Azərbaycan Qran-Prisi 24-26 sentyabr tarixlərində baş tutacaq.

2027-ci il mövsümü martın 12-14-də keçiriləcək Bəhreyn Qran-Prisi ilə başlayacaq. Dünya çempionatının sonuncu yarışı isə dekabrın 10-12-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində baş tutacaq.

Çempionat 22 ölkədə keçirilərək 24 mərhələdən ibarət olacaq. 2027-ci ildə sprint yarışlarının sayı 6-dan 10-a çatdırılacaq.

Mövsümün ilk rəsmi mövsümöncəsi testləri isə fevralın 24-27-də Bəhreyndəki “Sahir” trasında baş tutacaq.

“2027-ci il FIA Formula 1 Dünya Çempionatının təqvimi idmanımızın qlobal miqyasda artan populyarlığını və davamlı inkişafını aydın şəkildə nümayiş etdirir. Beş qitədə 24 Qran-Prinin keçirilməsi, Portuqaliya və Türkiyənin təqvimə qayıtması, eləcə də sprint yarışları proqramının genişləndirilməsi ən yüksək idman standartlarını qorumaqla ənənələri, yenilikləri və azarkeş marağını bir araya gətirir.

Formula 1 rəhbərliyinə, promouterlərə, milli idman federasiyalarına, FIA-nın rəsmilərinə və könüllülərinə, eləcə də bütün tərəfdaşlarımıza əməkdaşlığa və göstərdikləri səylərə görə təşəkkür edirəm. Birgə fəaliyyətimizlə FIA Formula 1 Dünya Çempionatını daha da gücləndirməyə və həm iştirakçılar, həm də dünyanın hər yerindəki azarkeşlər üçün möhtəşəm mövsüm keçirməyə davam edirik”, - deyə FIA-nın prezidenti Məhəmməd ben Sulayem bildirib.

Formula 1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikali 2027-ci il üzrə yarış təqvimi ilə bağlı açıqlama verib.

“2027-ci il təqvimi dünyanın ən məşhur traslarından və ən dinamik şəhərlərindən bəzilərini bir araya gətirərək Formula 1-in daha bir unudulmaz mövsümü üçün möhtəşəm səhnə yaradır. Portuqaliya və Türkiyənin çempionata qayıtmasından, eləcə də sprint yarışlarının sayının 10-a çatdırılmasından məmnunuq. Bu, azarkeşlərə Formula 1-i bu qədər xüsusi edən daha gərgin mübarizə, dramatik anlar və təkər-təkərə duellər vəd edir.

Formula 1 bütün dünyada inkişafını davam etdirir və yeni auditoriyalar qazanır. Dünyanın hər yerindən azarkeşlərimizə təşəkkür edirəm - gördüyümüz hər bir işin arxasında məhz onların bu idmana olan sevgisi dayanır.

Həmçinin FIA-nın prezidenti Məhəmməd ben Sulayemə və FIA-ya, komandalarımıza və pilotlarımıza, promouterlərə, tərəfdaşlara, sponsorlara və yarışlara ev sahibliyi edən şəhərlərə davamlı dəstəklərinə və əməkdaşlıqlarına görə təşəkkür edirəm. Hər bir Qran-Prinin keçirilməsini mümkün edən könüllülərin, marşalların və rəsmilərin fədakar əməyini də xüsusi qeyd etmək istərdim”, – deyə S.Domenikali bildirib.

Qeyd edək ki, 2026 və 2027-ci illərdə Azərbaycan Qran-Prisi eyni tarixlərdə - 24-26 sentyabr tarixlərində keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM