Qazaxıstan Orta Dəhlizin buraxılış qabiliyyətini ildə 20 milyon tona qədər artırmaq niyyətindədir.
NTV Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan lideri Kasım-Jomart Tokayev "Mərkəzi Asiya - Koreya Respublikası" birinci sammitində bildirib.
Onun sözlərinə görə, qlobal tədarük zəncirlərindəki dəyişikliklər fonunda Şərqlə Qərb arasında mühüm birləşdirici halqa kimi Mərkəzi Asiyanın rolu artır.
Tokayev qeyd edib ki, Qazaxıstan öz ərazisindən tranzit daşımalarının ümumi həcmini ildə 100 milyon tona çatdırmağı qarşısına məqsəd qoyub. Bu baxımdan, onun sözlərinə görə, ölkə Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) inkişafına xüsusi diqqət yetirir.
"Son altı il ərzində bu dəhliz üzrə yükdaşımaların həcmi beş dəfə artıb. Yaxın gələcəkdə biz onun buraxılış qabiliyyətini ildə 20 milyon tona çatdırmaq niyyətindəyik. Fikrimizcə, Orta Dəhlizin TRIPP (Tramp Marşrutu - red.) nəqliyyat təşəbbüsü ilə inteqrasiyasını təmin etmək olar. Koreya Bu koordinat sistemində Lyanyunqan limanındakı Qazaxıstan-Çin logistika terminalı vasitəsilə Mərkəzi Asiyaya multimodal daşımalar həyata keçirir. Hesab edirəm ki, bu marşrutların potensialını birləşdirmək və Koreyadan Mərkəzi Asiya vasitəsilə Avropaya qədər fasiləsiz nəqliyyat-logistika zənciri formalaşdırmaq mümkündür", - Tokayev deyib.
TBNM və ya Orta Dəhliz - Çini və Avropa ölkələrini Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan və Gürcüstan vasitəsilə birləşdirən beynəlxalq nəqliyyat dəhlizidir.
Qazaxıstan tərəfinin məlumatına görə, 2025-ci ilin yekunlarına əsasən, marşrut üzrə daşımaların həcmi 62 % artıb, konteyner daşımalarının həcmi isə 2,7 dəfə artaraq 56,5 min konteynerə çatıb. Orta Dəhlizin buraxılış qabiliyyəti ildə təxminən 6 milyon ton yük və 182 minə qədər konteyner təşkil edir. 2030-cu ilə qədər Qazaxıstan bu göstəricini ildə 10 milyon tona çatdırmağı planlaşdırır.
