ABŞ Prezidenti Donald Tramp administrasiyasının yeni gömrük rüsumları tətbiq etməyi təklif etdiyi ölkələr sırasına Norveç daxil deyil. Bununla yanaşı, ABŞ hakimiyyəti Norveç və Meksika ilə bağlı araşdırmaları davam etdirir.
NTV xəbər verir ki, Norveçin xarici işlər naziri Espen Bart Eyde bu qərarı ABŞ-yə məhsul ixrac edən müəssisələr üçün müsbət xəbər adlandırıb. Bununla belə, o qeyd edib ki, Oslo hökuməti əvvəldən araşdırmanın aparılması üçün heç bir əsas görməyib.
Son aylarda ABŞ hakimiyyəti bir sıra ölkələrdə istehsal güclərinin struktur baxımdan artıq olub-olmadığını, eləcə də həmin ölkələrin sənaye istehsalının və dövlət subsidiyalarının ABŞ şirkətlərinə mümkün mənfi təsirini araşdırıb.
Gömrük prosedurları ilə bağlı yeni tədbirlər Çin, Avropa İttifaqı, Yaponiya, Cənubi Koreya, İsveçrə, Hindistan və Braziliyanın məhsullarına şamil ediləcək. “Bloomberg” agentliyinin məlumatına görə, Çin mallarına tətbiq edilən rüsumlar 20 faizə, danışıqların uğursuzluqla nəticələnəcəyi təqdirdə isə 40 faizə qədər artırıla bilər.
ABŞ Ticarət Nümayəndəliyinin Norveçlə bağlı irəli sürdüyü iradlar arasında ticarət balansında müsbət saldo, dəniz məhsulları ixracının artması, istehsal güclərindən istifadə səviyyəsinin azalması və Norveç kronunun, ehtimal ki, süni şəkildə aşağı məzənnədə saxlanılması yer alır.
ABŞ daha əvvəl Norveçə 12,5 faiz gömrük rüsumu tətbiq edib.
Norveç hakimiyyəti ABŞ-nin iradlarını əsassız hesab edir. Xarici işlər nazirinin fikrincə, Vaşinqtonun gömrük siyasəti istehsal güclərinin artıqlığı və ya məcburi əmək məsələləri ilə bağlı real narahatlıqdan deyil, Tramp administrasiyasının gömrük rüsumları tətbiq etmək istəyindən irəli gəlir. Bu isə beynəlxalq qaydalara əsaslanan azad ticarət prinsiplərinə ziddir.
