NTV xəbər verir ki, AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev və AMEA Naxçıvan Bölməsinin tədqiqatçıları Elmar Baxşəliyev, Heyran Həsənova, Ziniyət Məmmədovanın həmmüəllifliyi ilə “2025-ci ildə Bülövqaya yaşayış yerində arxeoloji tədqiqatlar” adlı kitab nəşr edilib.
AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin və Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə nəşr olunan kitabın elmi redaktoru AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor İsmayıl Hacıyev, rəyçiləri tarix elmləri doktoru, professor Abbas Seyidov və tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimlidir.
Kitab “Giriş”, “2025-ci ildə Bülövqaya yaşayış yerində arxeoloji tədqiqatlar”, “Bülövqaya keramikasının Yaxın Şərqlə əlaqəsi”, “Mesopotamiya və Urmiya hövzəsi ilə əlaqələr”, “Şərqi Anadolu ilə əlaqələr”, “Yaxın Şərqlə əlaqələrdə miqrasiyaların rolu”, “Dalmatəpə mədəniyyətinin izləri”, “Ubeyd mədəniyyətinin izləri”, “Nəticə”, “Ədəbiyyat” və “Şəkillər” adlı bölmələrdən ibarətdir. Bölmələr Azərbaycan dili ilə yanaşı, ingilis və rus dillərində də verilib.
Kitabda 2025-ci ildə Bülövqaya yaşayış yerində aparılan arxeoloji qazıntılar nəticəsində aşkar olunan maddi mədəniyyət nümunələri Yaxın Şərq və Cənubi Qafqazın digər Enolit dövrü abidələrinin tapıntıları ilə müqayisəli şəkildə araşdırılıb.
Kitab mütəxəssislər, tələbələr və geniş oxucu kütləsi üçün zəngin elmi mənbədir.
