Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının idmançıları mükafatlandırılıb

Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının idmançıları mükafatlandırılıb

Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının məşqçi və idmançıları ölkə və beynəlxalq səviyyəli turnirlərdə qazandıqları uğurlara görə mükafatlandırılıblar.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə məşqçi və idmançıları təbrik edən Atletika Federasiyasının sədri Rəhman Məmmədov federasiyanın əldə etdiyi nailiyyətləri muxtar respublikada yaradılan müasir idman şəraitinin bəhrəsi kimi dəyərləndirib. Bildirib ki, hazırda federasiyanın atletika, ağır atletika və bədii gimnastika bölmələrində 2 minə yaxın gənc idmanla məşğul olur. 2022-ci ilin ötən dövründə də federasiyanın idmançıları iştirak  etdikləri  ölkədaxili və  beynəlxalq  turnirlərdə  21-i  qızıl, 4-ü gümüş, 5-i isə bürünc olmaqla 30 medal qazanıb.

Federasiyanın tərkibində fəaliyyət göstərən Bədii Gimnastika Bölməsinin uğurlarından bəhs edən Rəhman Məmmədov diqqətə çatdırıb ki, bölmənin rəhbəri Humay Qafarova Bakı şəhərində keçirilən hakimlik və məşqçilik kurslarında iştirak edərək məşqçilik sertifikatı və hakimlik vəsiqəsi alıb. Həmçinin Azərbaycan milli komandasının heyətində İsveçrənin Nevşatel şəhərində keçirilən Gimnastika hamı üçün idman növü üzrə “European Gym For Life Challange” və “EUROGYM 2022” festivallarında iştirak edib və ikinci olub. Eyni zamanda sentyabr ayında keçirilən Azərbaycan Gimnastika Federasiyasının yaradılmasının 20 illiyinə həsr olunmuş festivalda Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının Bədii gimnastika bölməsinin üzvləri də iştirak ediblər. Bir məşqçi və 7 idmançı ilə təmsil olunan komandamız ümumi nəticəyə əsasən ölkə birincisi olub. Həmçinin Humay Qafarova gimnastika hamı üçün növü üzrə keçirilən Tbilisi Gimnastradasında ölkəmizi təmsil edən “Ay işığı” komandasının tərkibində çıxış edərək komanda hesabında birinci yeri qazanıb.

Rəhman Məmmədov diqqətə çatdırıb ki, bölmədə  kadr çatışmazlığını aradan qaldırmaq, peşəkar məşqçi-müəllimlər hazırlamaq üçün praktik seminar, bədii gimnastika və xoreoqrafiya kursları  təşkil olunub. Hazırda bölmənin Heydər Əliyev Uşaq, Gənclər Yaradıcılıq Mərkəzində, Naxçıvan Qızlar Liseyində, Naxçıvan Dövlət Texniki Kollecində, Naxçıvan şəhər, Şərur və Ordubad rayonlarının Uşaq-Gənclər İdman məktəblərində 7 qrupu yaradılıb. Bölmə ilk yaradılanda 70 nəfərlə fəaliyyətə başlamışdısa, hazırda bu qruplarda 250-dən çox uşaq gimnastikanın sirlərinə yiyələnir. Babək, Kəngərli və Şahbuz rayonlarında da yeni qrupların yaradılması istiqamətində tədbirlər görülür.

Federasiyanın sədri Rəhman Məmmədov əldə edilən uğurlu nəticələrə görə idmançıları təbrik edib, onlara uğurlar arzulayıb.

Sonra Atletika Federasiyasının sədr müavini İntiqam Rəhimov qazanılan uğurlar barədə məlumat verib.

Tədbirdə federasiyanın idmançıları Humay Qafarova və Əmrah Nağıyev yaradılan şəraitə, göstərilən dövlət qayğısına görə  minnətdarlıqlarını bildiriblər.

Sonra Bədii Gimnastika bölməsinin rəhbəri Humay Qafarova və idmançıları Damla İsgəndərov, Nilufər Kərimli, İlay Sangur, Lalə Abdullayeva, Mədinə Novruzlu və yüngül atletika bölməsinin idmançısı Əmrah Nağıyev təltif olunub, federasiya sədri adından təşəkkürnamə və mükafatlar təqdim edilib.

Sonda xatirə şəkili çəkilib.

Xəbər lenti
Goranboyda zəlzələ olub

17:41 30.11.2022

Çox oxunan xəbərlər