NUHÇIXAN xəbər verir ki, dekabrın 19-da Naxçıvan Təlim Mərkəzinin təşkilatçılığı ilə “Naxçıvan birinci liderlik və inkişaf platforması” çərçivəsində təlim və intelektual oyun təşkil olunub.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “Naxçıvan birinci liderlik və inkişaf platforması” iştirakçıları qarşısında çıxışında təcrübəsinə dayanaraq liderlik bacarığına yiyələnmək üçün səbr, dözüm və özünüinkişaf amillərinin əhəmiyyətindən danışıb. Bildirib ki, insan çalışdığı sahədən asılı olmayaraq bütün məsələlərə özü cavabdehlik daşıyır. Buna görə də hər kəs daim fərdi inkişafını diqqətdə saxlamalı, müasir dövrün tələbləri ilə uyğunlaşmalıdır.
İkinci Qarabağ müharibəsindəki parlaq qələbəmizdən sonra hər bir azərbaycanlı gəncin milli qürur hissinin daha da yüksəldiyini vurğulayan Fuad Nəcəfli gənclərimizin qarşılarına qoyduqları məqsədə çatacaqlarına inandığını bildirib. Səlahiyyətli nümayəndə qeyd edib ki, məqsədə çatmaq üçün hədəflərin davamlılığını da təmin etmək lazımdır.
İştirakçıları salamlayan “Naxçıvan Təlim Mərkəzi” İdarə Heyətinin sədri Tağı Tağızadə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə rəhbərlik etdiyi qurumun yaradılmasının əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, mərkəz muxtar respublikanın dövlət orqanlarında çalışan işçilərin peşəkar inkişafının dəstəklənməsi, gənclərin şəxsi və peşəkar inkişafı üçün müxtəlif mövzularda kursların təşkili və təlimlərin keçirilməsi, eyni zamanda peşə qabiliyyətlərinin yüksəldilməsi məqsədilə fəaliyyət göstərir.
“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini İlhamə Novruzova “Effektiv kommunikasiya və liderlik bacarıqları” mövzusunda təlim kecib. Təlim zamanı iştirakçılar interaktiv tapşırıqları icra ediblər.
Daha sonra iştirakçılar Azərbaycan Gənclər Fondunun Naxçıvan filialının təşkil etdiyi “Kim, nə, harada?” intellektual oyununa qatılıblar.
Təlimin gedişində fərqlənən iştirakçılara sertifikatlar, intelektial yarışının qaliblərinə isə mükafatlar təqdim olunub.
“Naxçıvan birinci liderlik və inkişaf platforması” “Ləzzət Qida Sənaye" Məhdud Məsuliyyətli Cəmiyyəti və “Alya” kitab mağazasının dəstəyi ilə baş tutub.