Yüksək qan təzyiqinin müalicəsində geniş istifadə olunan hidroxlortiazid tərkibli dərmanlar müəyyən dəri xərçəngi növlərinin yaranma riskini artıra bilər.
NTV “Knowridge” elmi jurnalına istinadla xəbər verir ki, Yeni Cənubi Uels Universitetinin alimləri bununla bağlı araşdırma aparıblar. Tədqiqat nəticəsində məlum olub ki, bu preparatı uzun müddət qəbul edən 65 yaşdan yuxarı şəxslərdə xüsusilə dodaq xərçəngi riski əhəmiyyətli dərəcədə yüksəlir. Araşdırma 2004–2015-ci illəri əhatə edərək, 13 mindən çox yaşlı pasiyentin tibbi məlumatları əsasında aparılıb.
Mütəxəssislər bildirirlər ki, hidroxlortiazid dərini günəş şüalarına qarşı daha həssas edə bilər. Bu isə o deməkdir ki, dərman qəbul edən insanların dərisinin günəş altında daha tez yanmasına və illər keçdikcə bədxassəli şişlərin inkişafına zəmin yaradır.
Alimlər vurğulayırlar ki, pasiyentlər həkimlə məsləhətləşmədən dərmanın qəbulunu dayandırmamalıdırlar. Yüksək qan təzyiqi özü də ciddi sağlamlıq problemlərinə – infarkt və insult riskinə səbəb ola bilər. Bu dərmanı qəbul edənlərə günəşdən qoruyucu kremlərdən istifadə etmək, qapalı geyimlərə üstünlük vermək və dəridəki hər hansı dəyişikliklə bağlı vaxtında mütəxəssisə müraciət etmək tövsiyə olunur.
