Jerom Lamber: Erməni lobbisi Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına əngəl yaradır

Jerom Lamber: Erməni lobbisi Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına əngəl yaradır

Azərbaycanın yaxın dostu, Fransa Milli Assambleyasının sabiq deputatı Jerom Lamber Qafqazı tanımayan, ancaq bu regionda baş verən hadisələrlə bağlı erməni lobbisi tərəfindən hazırlanmış şablon mətnlərlə kor-koranə fikirlər söyləyən Fransa siyasi dairələrinin bəzi üzvlərinin sosial şəbəkələrdə paylaşımlarına tutarlı cavab verib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Jerom Lamber Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi son hərbi təxribatla bağlı heç kimin məlumatlı olmadığını, ancaq təxribata dair şablon və reallığı əks etdirməyən fikirlər səsləndirildiyini qeyd edib.

“İki il əvvəl tərəflərin imzaladığı razılaşmadan sonra hər iki xalq 1990-cı illərin əvvəlindən gərginləşmiş münaqişəyə qəti son qoymaq üçün danışıqlar aparmalı idi. Ancaq bu danışıqlar o qədər mürəkkəbdir ki, müxalifət hökuməti devirmək üçün Ermənistanda nümayişlər keçirir.

Azərbaycan və Ermənistanın dövlət və hökumət rəhbərləri arasında danışıqlar getdiyi bir vaxtda ( məsələn, Avropa İttifaqının himayəsi altında keçirilən görüşlər) erməni müxalif qüvvələr bunun dayanması üçün səylərini daha da artırırlar. Belə bir vəziyyətdə sərhəddə ciddi insident baş verir...! Bu insident kimin maraqlarına xidmət edir? Azərbaycanın qüdrəti göründüyü kimidir, bugünkü kontekstdə də çox sabitdir. Özünün arzuladığı, təşəbbüskarı olduğu danışıqlardan imtina etmək üçün qonşusunu böhrana salmağa nə ehtiyacı, nə də marağı var. Vəziyyət onu deməyə əsas verir ki, təxribatlar Azərbaycanla bütün razılaşmalardan imtina edən erməni silahlı qüvvələri tərəfindən törədilib”, - deyə J. Lamber ermənilərin törətdiyi son təxribatla bağlı fikrini açıqca söyləyib.

Bildirib ki, Azərbaycan ərazilərinin işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən yekdilliklə qınanılan Ermənistandır, Azərbaycan deyil!

Erməni diasporunun yüksək səviyyədə təmsil olunan erməni siyasi qüvvələri Azərbaycanla hər hansı razılaşmanı rədd edir və erməni mədəniyyətli əhalinin yaşadığı ərazilərin ilhaqını müdafiə edirlər. Ermənistan Azərbaycanla münaqişəni beynəlmiləlləşdirməyə çalışır. Bu ölkə 1990-cı illərin əvvəllərində müttəfiqi olan sovet qoşunlarının dəstəyi ilə Azərbaycan ərazisinin 20 faizini işğal etmişdi.

“Bu gün Rusiyanın başının Ukraynaya qarışmasından istifadə edən Ermənistan indi başqa dəstək tapmağa çalışır və erməni diasporunun lobbisi iş başındadır. Xristian “dəyərləri” önə çıxarılır... sanki bu, dini münaqişədir. Amma bu, qətiyyən belə deyil. Azərbaycan bütün monoteist dinlərin sülh şəraitində birgə yaşadığı və ateizmin də qəbul edildiyi dünyəvi dövlətdir. Ermənistanda isə əksinə, insanlar yalnız xristian dini etiqad edir və bu dövlət öz işğalçılıq müharibələrində həmişə qeyri-xristian əhalini qovmaqla, digər dinlərin mövcudluğunun izlərini mümkün qədər silməklə etnik təmizləmə həyata keçirib. Bakıda bütün digər dini məkanlar kimi, sinaqoqda və ya kilsədə dua etməyə gedə bilərsiniz. Əslində, fərq bu və ya digər ölkənin lobbiçilik imkanları ilə bağlıdır. Ermənilər Qərbdə güclü və nüfuzlu diaspor vasitəsilə təmsil olunur. Digər tərəfdən, bəs görəsən Azərbaycanı həqiqətən kim tanıyır?”, - deyən sabiq fransız deputat bu gün erməni lobbisinin iki ölkə arasında münasibətlərin normallaşmasına əngəl olduğunu bildirib.

Qeyd edilib ki, əslində, Azərbaycan erməni lobbilərinin, çox vaxt ifrat millətçilərin onun haqqında yaydıqları şablon karikaturalardan çox fərqli uzaq ölkədir.

Sonda J. Lamber “siyasətçiləri” obyektiv olmağa çağırıb.

Xatırladaq ki, Jerom Lamber 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan həqiqətləri haqqında məlumat verdiyi üçün öz ölkəsində erməni diasporunun radikal üzvləri tərəfindən hədələnib və təhqir olunub.

Xəbər lenti
Çox oxunan xəbərlər