Avstraliya saytı Azərbaycanda Anım Günü ilə bağlı xüsusi məqalə yayıb

Avstraliya saytı Azərbaycanda Anım Günü ilə bağlı xüsusi məqalə yayıb

Avstraliyanın “vibemedia.net.au” saytı Azərbaycan xalqının Anım Gününü qeyd etməsi barədə məqalə yayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ingilis dilində yayılan məqalədə sentyabrın 27-də İkinci Qarabağ müharibəsində həlak olan şəhidlərin xatirəsini yad etmək üçün Anım Gününün qeyd olunduğu bildirilir. Həmin gün yerli vaxtla saat 12:00-da ölkənin bütün ərazisində şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq nəqliyyatın hərəkətinin dayandırıldığı və bir dəqiqəlik sükut elan olunduğu vurğulanır.

Qeyd edilir ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı Sərəncamla İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan torpaqlarını Ermənistan işğalından azad etmiş qəhrəman zabit və əsgərlərin şərəfinə Anım Günü elan edilib.

Məqalədə Anım Günü ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yaydığı bəyanata da geniş yer verilib. Sənədə istinadla qeyd edilib ki, 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusunun növbəti hərbi təxribatının qarşısını almaq üçün başladığı cavab tədbirlərindən iki il ötür. 44 günlük Vətən müharibəsinin başlanğıcını qoyan bu tədbirlər Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə həyata keçirilib.

Vurğulanıb ki, Vətən müharibəsi Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzünə son qoyub, ölkəmizin ərazi bütövlüyünü təmin edib. Eyni zamanda, bir milyona yaxın azərbaycanlının fundamental hüquqları bərpa olunub. Azərbaycan təkbaşına BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrinin icrasını yerinə yetirib.

Qeyd edilib ki, Prezident, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun şücaəti nəticəsində əldə etdiyimiz Qələbə Azərbaycan Respublikası tarixinin yeni dövrünü açıb, beynəlxalq ədaləti bərqərar edib.

Bildirilib ki, Azərbaycan beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığına ciddi riayət olunması əsasında Ermənistan ilə münasibətlərin normallaşdırılmasının təşəbbüskarıdır. Ermənistanın nəhayət ki, danışıqlarda imitasiyaya son verib, real, konstruktiv addımlar atması gərəkdir. Bölgənin sülh şəraitində inkişafının başqa alternativi mövcud deyil.

Bir daha vurğulanıb ki, Azərbaycanda Anım Günü kimi qeyd edilən sentyabrın 27-də ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Məqaləyə Anım Günü ilə bağlı fotolar da əlavə olunub.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM