NUHÇIXAN xəbər verir ki, bu gün general-leytenant Əliağa Şıxlinskinin doğum günüdür.
1865-ci il mart ayının 3-də Qazax qəzasının Qazaxlı kəndində anadan olan Əliağa Şıxlinski atasının istəyi ilə hərbi gimnaziyada təhsil alıb. Orduda xidmətə başlayan zaman hərb sənətini dərindən öyrənməyə çalışan Şıxlinski bu istəyinə görə Peterburq artilleriya məktəbinə göndərilib. Məktəbi əla qiymətlərlə bitirən Şıxlinski batareya komandiri olaraq 1904-1905-ci illər rus-yapon müharibəsində iştirak edərək ön cəbhə döyüşlərində igidlik göstərib. Port-Artur qalasının müdafiəsində göstərdiyi şücaətə görə “Qızıl qılınc”la mükafatlandırılıb. Sonra xidmətinə topçu zabitlər hazırlayan məktəbdə dərs deyərək davam edən Əliağa Şıxlinski polkovnik rütbəsinə yüksəlib. Onun hərb elmini öyrənilməsi üçün yazdığı “Səhra toplarının cəbhədə işlədilməsi” əsəri və “Şıxlinski üçbucağı”, “Şıxlinski formulu” adlı hərbi yeniliklər topçu zabitlər üçün hazırlanmış dərsliklərə daxil edilərək gənc hərbçilərin daha bilikli yetişməsində xüsusi rolu olub. Bütün bu xidmətlərinə görə o, 1912-ci ildə general-mayor rütbəsinə yüksəlib. Bununla da, Azərbaycanın ilk hərbi generallarından olan Əliağa Şıxlinski çar ordusunun aparıcı mütəxəssislərindən birinə çevrilib.
I Dünya Müharibəsi zamanı general Əliağa Şıxlinski Petroqrad şəhərinin artilleriya müdafiəsinə və Qərb cəbhəsi artilleriya qoşunlarına rəhbərlik etdikdən sonra 10-cu orduya komandan təyin olunub.
Əliağa Şıxlinskinin xalqımız üçün ən böyük xidmətlərindən biri də 1917-ci ilin noyabrında Qafqaza qayıdaraq ilk dəfə Tiflisdə azərbaycanlılardan ibarət milli korpus yaratması olub. Bununla da o, Azərbaycan Silahlı Qüvvəllərinin təməl daşını qoyub. Bu barədə “Xatirələrim” hərbi memuarında görkəmli sərkərdə yazıb. Qeyd edək ki, bu, Azərbaycan hərb tarixində ilk və yeganə hərbi memuardır. “Tiflisə qayıtdıqda, müvəqqəti olaraq mənə korpus komandanlığı həvalə olunduğu barədə əmri oxudum. Öz xalqımın baş verə biləcək xarici təzyiqlərdən və daxili qarışıqlıqlardan özünü qorumasına xidmət etmək arzusu ilə korpus təşkil etməyi qət edib Tiflisdə öz qərargahımı düzəltməyə başladım. Dekabrın 31-də öz qərargahımın ilk heyəti ilə Gəncəyə getdim ki, orada hissələrin təşkil edilməsilə məşğul olum. Korpus hissələrinin təşkilində böyük əngəllərə rast gəlirdik”.
1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikasının yaranmasına görə Əliağa Şıxlinskini vətənə qayıdıb. Həmin ilin dekabrında yeni qurulan dövlətin hərbi işi Azərbaycanın iki görkəmli oğlu artilleriya general-leytenantı Səməd bəy Mehmandarov və general-leytenantı Əliağa Şıxlinskiyə tapşırılıb. Hökumətin əmrilə 1918-ci il dekabrın 25-də Səməd bəy Mehmandarov hərb naziri, dekabrın 29-da isə Əliağa Şıxlinski hərb nazirinin müavini təyin olunub. Qısa zaman ərzində bu iki şəxsiyyətin gərgin səyləri ilə Azərbaycan ordusu yaradılır. Ordunun xeyli cəbhəxanası formalaşır.
Milli Azərbaycan korpusunun komandiri general Əliağa Şıxlinski 1918-ci il dekabrın 13-də Gəncədən göndərdiyi “Məlumat”ında yeni Azərbaycan Ordusunun struktur layihəsini hazırladığını qeyd edib. General yazır ki, Azərbaycanın müstəqil respublika elan edilməsi ona may ayının 27-də qəzetlərdən aydın olub: “Mən mayın 28-də yeni dövlətin hərb nazirliyinin layihəsini artıq hazırlamışdım”. Vəziyyətlə əlaqədar Əliağa Şıxlinski layihəsində təklif edir ki, vaxtı ilə türk zabitlərinin köməyilə yaradılmış hərbi korpus ləğv edilsin. Müharibə şəraitində bu azlıq təşkil edir. Əvəzində diviziyalar təşkil olunsun. Onlar da hərb nazirinə və onun köməkçisinə tabe olunsun.
Rusiya İmperiyası Ordusu 1920-ci il aprelin 27-də Azərbaycanı işğal edən zaman Səməd bəy Mehmandarov xəstə olduğu üçün onun vəzifəsini Əliağa Şıxlinski icra edir. Düşmən müqavimət göstərilməməsinə görə Azərbaycan Demokratik Respublikasına altı şərt irəli sürür. Bu şərtlərdən biri də Azərbaycan ordusunun ləğv olunmaması idi. Ancaq işğaldan sonra imperiya yetkililəri verdikləri sözlərə əməl etmir. Azərbaycan ordusu hissə-hissə dağıdılır.
Bu hadisədən sonra Şıxlinski bir müddət Moskvada Hərbi İnqilab Sovetinin səhra Qərargahında xidmətinə davam edir. Sonra o, Azərbaycan Sovet Qoşunları Qərargahına göndərilib. Bir müddət Bakı Qarnizonu Hərbi Elmi Cəmiyyətinin sədr müavini işləyən general, sonradan Qafqaz İslam Ordusu Hərbi İnqilab Şurası yanında Azərbaycan Hərbi Nəşriyyat Kollegiyasının sədri kimi çalışıb. 1924-cü ildə isə Birləşmiş Hərbi Komanda Heyəti Məktəbinə rəis müavini təyin edilib. Dörd il sonra “Rusca-Azərbaycanca qısa hərbi lüğət” çap etdirən Şıxlinski buna görə SSRİ Hərbi İnqilab Şurasının Fəxri Fərmanı ilə təltif olunub. 1929-cu ildən ordudan tərxis olunan general-leytenant Əliağa Şıxlinski bir çox orden və medallarla, o cümlədən Fransanın yüksək hərbi ordenlərilə mükafatlandırılıb.
Ömrünün əlli ilindən çoxunu hərb peşəsinə adayan Əliağa Şıxlinski dörd müharibənin şahidi və üçünün iştirakçısı olub. 1904-1905-ci illərdə Port-Artur, Birinci Dünya müharibəsi, 1918-ci ildə isə torpaqlarımıza gözdikən Ermənistana qarşı döyüşüb.
General-leytenant Əliağa Şıxlinski 1943-cü il avqust ayının 18-də Bakı şəhərində vəfat edib.
Səriyyə Salahova
Naxçıvan televiziyasının redaktoru