Penitensiar xidmətin modernləşdirilməsi: Cəzanın hüquqi və sosial anlayışı

Penitensiar xidmətin modernləşdirilməsi: Cəzanın hüquqi və sosial anlayışı

Penitensiar xidmətdə cəzanın hüquqi və sosial anlayışı, yalnız cinayətkarların cəmiyyətdən təcrid olunmasından ibarət deyil, onların hüquqlarının qorunması, reabilitasiyası və cəmiyyətə yenidən inteqrasiyasına yönəlmiş bir prosesdir. Xidmətin əsas məqsədi məhkumların cəzalarının çəkməsini təmin etməklə yanaşı, onların hüquq və azadlıqlarının qorunmasına nəzarət etməkdir. Penitensiar sistemlər insan hüquqları prinsiplərinə əsaslanaraq məhkumların ləyaqətini qorumaq, islah olunmalarına şərait yaratmaq və cəmiyyətə yenidən inteqrasiya etməyə kömək etmək məqsədini daşıyır. Müasir dövrdə humanist penitensiar siyasət və alternativ cəza tədbirləri cəzanın sosial funksiyasını daha effektiv və ədalətli həyata keçirməyə imkan yaradır. Cəzaçəkmə sistemləri, bir ölkənin hüquq-mühafizə orqanlarının, cəmiyyətdə ədalət və hüquq pozuntularının qarşısını almaq üçün həyata keçirdiyi əsas mexanizmlərdən biridir. Hüquqi yanaşma cəzanın tənzimlənməsi və icrasını müəyyən edir, sosial yanaşma isə cəzanın cəmiyyətdəki təsirlərini, əxlaqi və psixoloji aspektlərini nəzərə alır. Cəza qanunla müəyyən edilmiş qaydada törədilmiş cinayətə görə tətbiq olunan hüquqi tədbirdir. Bu, cinayətkarlığın qarşısını almaq, hüquq qaydalarını qorumaq və ictimai ədaləti təmin etmək məqsədilə tətbiq olunur. Cəza anlayışı həm hüquqi həm də sosial-psixoloji aspektləri ehtiva edir və cəmiyyətin hüquqi sisteminin vacib tərkib hissəsini müəyyən edir. Cəzanın hüquqi tərəfi bir çox hüquq sistemlərində oxşar olsa da, onun tətbiqi prinsipləri və məqsədləri müxtəlif ola bilir. Cəza siyasətində bu məqsədlər arasında balansın qorunması vacibdir. Həddindən artıq sərt və ya yumşaq yanaşmalar cəmiyyətin hüquq sisteminə etimadını zəiflədə bilər. Hüquqi baxımdan cəza, bir şəxsin hüquq pozuntusu nəticəsində qanunla müəyyən edilən və dövlət tərəfindən tətbiq olunan hüquqi sanksiyadır. Cəzanın məqsədi, ədaləti bərpa etmək, cəmiyyəti qorumaq, hüquq normalarına hörmət yaratmaq və məhkumları islah edərək yenidən cəmiyyətə qazandırmaq kimi çox şaxəli məqsədlərə xidmət edir. Cəza yalnız ədaləti bərpa etmək deyil, cəmiyyətin təhlükəsizliyini təmin etmək və cinayətkarları reabilitasiya etməklə cəmiyyətdə yeni bir həyat qurmağa dəstək olmaqdır. Cəzanın humanist fəlsəfəsi məhkumları cəmiyyətdən təcrid etmək deyil, onları yenidən sosial həyata hazırlamaqdır.

Beynəlxalq təcrübədə uğurlu cəza siyasəti

Cəza siyasəti müxtəlif ölkələrdə tarixi, mədəni və hüquqi kontekstlərə görə fərqli yanaşmalar əsasında qurulur. Müasir dövrdə cəzanın tətbiqi yalnız ədaləti təmin etmək deyil, cinayətkarın islah olunması və cəmiyyətə yenidən inteqrasiyasına kömək etməkdir. Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi “Nelson Mandela Qaydaları” penitensiar müəssisələrdə saxlanılan şəxslərin hüquqlarını qorumaq məqsədi daşıyır. Bu qaydaların əsas prinsipləri: İnsan ləyaqətinə hörmət, işgəncənin və qeyri-insani rəftarın qadağan olunması, müalicə və reabilitasiya, sağlamlıq xidməti və əlaqə hüququdur. Bu qaydalar məcburi olmasa da, beynəlxalq penitensiar siyasət üçün əsas bələdçi rolunu oynayır. Penitensiar xidmətin hüquqi tənzimlənməsi beynəlxalq və milli səviyyədə müxtəlif qanunvericilik aktları və prinsiplərlə müəyyən edilir. Bu çərçivə məhkumların hüquqlarını qorunmasını, penitensiar müəssisələrin idarə edilməsini və cəza icrasının humanist prinsiplər əsasında təşkilini təmin edir. Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı və Beynəlxalq İnsan Hüquq qurumları penitensiar sistemin inkişafı və məhkum hüquqlarının qorunması üçün bir sıra konvensiyalar və standartlar (Nelson mandela qaydaları, İşgəncəyə qarşı konvensiya, Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt) müəyyən edib. Bu qaydalara əsasən sərt cəza tədbirləri ilə yanaşı, alternativ cəza üsullarının tətbiqi və məhkumların reabilitasiyası cəza siyasətinin əsas istiqamətlərindən biri olub. Müasir penitensiar siyasət cəzanın təkcə cəzalandrıcı deyil, həm də islahedici funksiyasını vurğulayır. Penitensiar sistemin humanistləşdirilməsi və islahedici mexanizmlərin gücləndirilməsi cinayətkarlığın azalmasına və sabit cəmiyyətin formalaşmasına töhfə verir.

Norveç penitensiar sistemi dünyada ən humanist həbsxana modeli kimi tanınır. Bu sistemin əsas məqsədi cəza verməkdən çox, məhkumları reabilitasiya etmək və cəmiyyətə yenidən inteqrasiya etməyə kömək etməkdir. Burda məhkumlar cəza müddətində yeni bacarıqlar qazanır və cəmiyyətə hazırlaşırlar. Həbsxanalar hotelə bənzəyən rahat otaqlardan, idman zalından və açıq sahələrdən ibarətdir, fiziki cəza və təcrid yoxdur, məhkumlarla nəzarətçilər arasında dost münasibətləri mövcudur. Norveçin Bosty Həbsxanası (Adada azadlıq) ölkənin ilk ekoloji həbsxanasıdır, burada məhkumlar kənd təsərrüfatı işləri ilə məşğul olur, onlar kiçik evlərdə yaşayır, işləyir və öz qidalarını istehsal edirlər.

Hollandiya penitensiar modeli dünyada ən uğurlu islah sistemlərindən biri hesab olunur. Ölkədə cinayərkarlıq səviyyəsinin azalması, alternativ cəza tədbirlərinin geniş tətbiqi və həbsxanaların bağlanması ilə tanınır. Hollandiya cəza sistemində həbsxana son seçim olaraq istifadə edilir. Xırda və orta ağır cinayətlərə görə azadlıqdan məhrumetmədə, elektron nəzarət (bilək və ya ayaq bilərziyi ilə ev dustaqlığı), ictimai işlər, maliyyə cərimələri və kompensasiya ödəmələri tətbiq edilir. Məhkumların cəmiyyətə uyğunlaşması üçün psixoloqlar, sosial işçilər və hüquqşünaslar cəlb edilir. Xüsusilə gənc məhkumlar üçün fərdi reabilitasıya proqramları həyata keçirilir. Alternativ cəza metodları tətbiq edildikcə dövlət həbsxana xərclərini azaldaraq, vəsaiti reabilitasiya proqramlarına yönəldir. Bu ölkələrdə reabilitasiya nəticəsində təkrar cinayət törətmə 20 faizdir, bu ABŞ və Avropanın digər ölkələrindən daha aşağıdır.

Azərbaycanda cəza siyasətinin humanistləşdirilməsi

Ölkəmizdə penitensiar sistemin modernləşdirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində mühüm qanunvericilik islahatları həyata keçirilib. Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə təsdiq etdiyi “İnsan Hüquqlarının Müdafiəsinə dair Dövlət Proqramı”, Cənab İlham Əliyevin 2006-cı ildə qəbul etdiyi “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı” və “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamı bu sahədə atılan əhəmiyyətli addımlardandır. Bu sənədlər insan hüquqlarının qorunması və penitensiar sistemin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətdə əsaslı islahatların həyata keçirilməsinə zəmin yaradıb. Cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilib, probasiya xidməti vasitəsilə məhkumların islahı və cəmiyyətə reinteqrasiyası istiqamətində tədbirlər gücləndirilib. Bu islahatlar nəticəsində azadlıqdan məhrumetmə cəzasının tətbiqi azalıb, alternativ cəzalara üstünlük verilərək bir çox məhkum cəzadan tamamilə azad edilib. Cəza siyasətinin humanistləşdirilməsi, alternativ cəza tədbirləri və məhkumların cəmiyyətə reinteqrasiyasının təmin edilməsi istiqamətində atılan əhəmiyyətli addımlar penitensiar müəssisələrin yüklənməsini azaldıb.

Məhkumların psixoloji və sosial reabilitasiyasına dəstək

Məhkumların cəza müddətində yaşadıqları stress, travmalar və emosional sıxıntılar azadlığa çıxarkən onların cəmiyyətə qayıtmasını çətinləşdirir. Bu səbəbdən keçmiş həyatlarının təkrar etməməsi və cəmiyyətə yenidən uyğunlaşma prosesində onlara depressiya, travma və sosial qayğılarla mübarizə aparmaq üçün dəstək verilməlidir. Məhkumların cəmiyyətə yenidən inteqrasiyasının əsas hissəsi, cəmiyyətin onları qəbul etməsidir. Cəmiyyət, cəza çəkmiş şəxslərə qarşı mühakimə etməməli, onların keçmişini nəzərə alaraq yenidən ictimai həyatda iştirak etmələrinə şərait yaratmalıdır. Cəmiyyətin bu cür dəstəyi, cəmiyyətdəki kriminal davranışların azalmasına və sosial harmoniya yaratmağa kömək edir. Penitensiar xidmətin modernləşdirilməsi, yalnız cəzanın sərt şəkildə icra edilməsindən ibarət olmamalıdır. Bunun əvəzinə, hüquqi və sosial yanaşmaların birləşdirilməsi, həm cəmiyyətin təhlükəsizliyini, həm də məhkumların insan hüquqlarını qorumağa xidmət edər. Reabilitasiya, təhsil və sosial reinteqrasiya proqramlarının tətbiqi, yalnız məhkumların özünü inkişaf etdirməsinə deyil, onların cəmiyyətə faydalı bir üzv olaraq qayıtmasına imkan yaradır. Cəzanın hüquqi və sosial əhəmiyyətini anlamalı, hər bir məhkumun fərdi ehtiyaclarına uyğun, ədalətli və bərabər yanaşılmasını təmin etməliyik. Modern penitensiar xidmətlər, cəzaların hüquqi və sosial baxımdan düzgün icrasını təmin etmək üçün müasir yanaşmaları qəbul etməli, eyni zamanda insan hüquqlarına hörmətlə yanaşmalıdır. Bu yolla cəmiyyətdəki ədalət və bərabərlik prinsipinin güclənməsinə töhfə verilmiş olarıq.

Niyaməddin Əliyev

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı

 

 

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM