Milli Məclisin Toponimiya Komissiyası Qubanın üç kəndinin adının dəyişdirilməsini məqsədəmüvafiq hesab edib.
NTV xəbər verir ki, bununla bağlı qərar komissiyanın bugünkü iclasında verilib.
İclasda çıxış edən komissiyanın sədri İsa Həbibbəyli ölkə ərazisində vaxtilə süni şəkildə dəyişdirilən, müxtəlif dövrlərdə məkrli məqsədlərlə saxtalaşdırılmış 40-dan artıq yer adının Toponimiya Komissiyası tərəfindən bərpa edildiyini söyləyib.
Qeyd olunub ki, aparılan dəyişikliklər Azərbaycanın milli maraqlarına və dövlətçilik mənafeyinə uyğun şəkildə həyata keçirilib, tarixi və milli toponimlərin qorunmasına və bərpasına xidmət edib.
Məlumata görə, kəndlərin adlarının dəyişdirilməsi ilə bağlı Quba Rayon İcra Hakimiyyətindən müraciət daxil olub. Müraciətə əsasən Vladimirovka, Alekseyevka və Timiryazev yaşayış məntəqələrinin adlarının dəyişdirilərək müvafiq olaraq, "Elbir", "Çinarlı" və "Bəhrəli" adlandırılması təklif olunur.
Müzakirələrdən sonra yaşayış məntəqələrinin adlarının dəyişdirilərək "Elbir", "Çinarlı" və "Bəhrəli" adlandırılması məqsədəmüvafiq hesab olunub.
Qeyd edək ki, "Coğrafi adlar haqqında" qanuna əsasən coğrafi obyektlərə adların verilməsi və ya coğrafi obyektlərin adlarının dəyişdirilməsi haqqında təkliflər müvafiq icra hakimiyyəti orqanına dövlət orqanları, yerli özünüidarə orqanları, qeyri-hökumət təşkilatları, hüquqi şəxslər və vətəndaşlar tərəfindən verilə bilər.
Qanuna görə, müvafiq icra hakimiyyəti orqanı təkliflərə baxır və onları məqbul hesab etdikdə bu qanunla tələb olunan hallarda müvafiq ərazidə yaşayan əhalinin rəyini öyrənir və əhalinin müsbət rəyi olduqda coğrafi obyektə ad verilməsi və ya coğrafi obyektin adının dəyişdirilməsi barədə qərar qəbul edir.
Beləliklə, Toponimiya Komissiyası Quba İcra Hakimiyyətinin kəndlərin adlarının dəyişdirilməsi haqqında müraciətini məqsədəuyğun hesab etdiyindən, bununla əlaqədar müvafiq qanun layihəsi hazırlanaraq, Milli Məclisin aidiyyəti komitələrinin müzakirəsinə çıxarılacaq.
