NTV xəbər verir ki, Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov muxtar respublikada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT), eləcə də tələbə-gənclər təşkilatlarının (TGT, TEC, THİK) nümayəndələri ilə görüş keçirib. Görüşdə nazirliyin əməkdaşları, həmçinin qurumun strukturuna daxil olan gənclər və idman idarələrinin rəisləri və region gəncləri də iştirak ediblər.
Görüşdə çıxış edən Məcid Seyidov Naxçıvanda dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində görülən işlərdən bəhs edib. Bildirib ki, nazirliyin fəaliyyət prioritetlərindən biri gənclər təşkilatları ilə işin daha səmərəli təşkili və əməkdaşlıq əlaqələrinin gücləndirilməsidir. Qeyd olunub ki, bu görüş gənclər təşkilatları ilə əlaqələrin möhkəmləndirilməsi, birgə və koordinasiyalı fəaliyyətə keçid, yeni layihələrin icrası, eləcə də gənclərlə iş sahəsi üzrə fikir və təkliflərin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Nazir müavini gənclər təşkilatlarının gələcək perspektivləri barədə də danışaraq vurğulayıb ki, gənclərin sosial fəaliyyətinin tənzimlənməsi, ictimai-siyasi həyatda aktivliyinin artırılması və ölkəmizdə formalaşan müasir gənclər modelinə inteqrasiyası üçün geniş imkanlar mövcuddur.
Görüş çərçivəsində gənclərin fikir və təklifləri dinlənilib, gələcək fəaliyyət planı ilə bağlı müzakirələr aparılıb.
Sonda Məcid Seyidov belə görüşlərin gənclərlə iş sahəsində mövcud vəziyyətin təhlili və yeni təşəbbüslərin formalaşdırılması baxımından əhəmiyyətli olduğunu bildirib, Naxçıvanda gənclər hərəkatının daha da canlanacağına inamını ifadə edib və gənclər təşkilatlarının nümayəndələrinə fəaliyyətlərində uğurlar arzulayıb.
