Şahbuz rayonunda baş verən ağır yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb.
NTV-nin xəbərinə görə, bu barədə Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasının həkimi Nurlan Cəfərov jurnalistlərə açıqlamasında bildirib.
O, qeyd edib ki, yaralılar saat 21:00 radələrində xəstəxanaya yerləşdirilib: "Xəstəxanaya 9 yaralı daxil olub. Onlardan 3-ü azyaşlı, 5-i qadın, 1-i isə orta yaşlı kişidir. Yaralılardan 2-nin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir. Hazırda onların müalicəsi stasionar şöbədə davam etdirilir".
Qeyd edək ki, dağlıq ərazidə hərəkətdə olan "Toyota Prado" markalı, 68-BE-050 dövlət qeydiyyat nişanlı avtomobil aşıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
