Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında qızıl medal qazanan Məhəmməd Musayev (66 kq) üçün bütün qarşılaşmalar gərgin keçib.
İdmançı bunu NTV-yə açıqlamasında deyib.
"Yarış çox yaxşı keçdi, hər şey yüksək səviyyədə təşkil olundu. Şükürlər olsun ki, çempion oldum. Rəqiblərim çətin idi. Demək olar ki, hər görüşüm ağır keçdi. Çünki yarışa favoritlər sırasında qoşulmuşdum və reytinqdə də birinci pillədə qərarlaşmışdım. Ona görə də hər qarşılaşma gərgin keçdi. Buna baxmayaraq, qalib gəldim. Bu yarışa çox yaxşı hazırlaşmışdıq. Ümid edirəm ki, qarşıdakı yarışları da belə gözəl hisslərlə başa vuracağıq", - o bildirib.
M.Musayev Azərbaycan Cüdo Federasiyasına, məşqçilərə və həkim heyətinə təşəkkür edib:
"Onların da üzərimdə böyük rolu var. Bura gəlib çıxmağımda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm".
Xatırladaq ki, M.Musayev Avropa çempionatının finalında Serbiya təmsilçisi Marko Yorgiçə ipponla qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
