“İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyinin İdarə Heyətinin sədri, hüquq elmləri doktoru, professor Əmir Əliyev “The Guardian” qəzetinə Aleksis Pazumianın “Black Garden” sənədli filmi ilə bağlı dərc olunan materiala cavab olaraq məktub ünvanlayıb.
NTV-nin məlumatına görə, Əmir Əliyev qeyd edib ki, Qarabağ münaqişəsinin tarixi müzakirə edilərkən azərbaycanlıların yaşadıqları hadisələr diqqətdən kənarda qalmamalıdır və didərgin düşmüş insanların, eləcə də Xocalı qətliamının qurbanları və sağ qalanların səsləri də eşidilməlidir.
O, “The Guardian”dan bu səslərə yer ayırmağa və dərc etdiyi materialda çatışmayan fakt və baxışları nəzərə almağa çağırıb. Əmir Əliyevin sözlərinə görə, “The Guardian”ın “Black Garden” sənədli filmi ilə bağlı materialında bir sıra mühüm məqamlar, o cümlədən Ermənistanın beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınan torpaqları işğal etməsi və bir milyondan çox azərbaycanlının didərgin düşməsi barədə məlumatlar yer almayıb.
“Əsas narahatlığımız ondan ibarətdir ki, 2026-cı il avqustun 31-də “The Guardian”ın saytında dərc olunan resenziya filmin müzakirəsi ilə kifayətlənmir, eyni zamanda, münaqişə ilə bağlı qəzetin öz yanaşmasını təqdim edir. Azərbaycanın Qarabağ bölgəsini “Dağlıq Qarabağ” adlandıran resenziyada münaqişə “onilliklər boyu davam edən ərazi mübahisəsi” kimi təqdim olunur və “əsasən ermənilərdən ibarət əhalinin Azərbaycan Ordusunun saysız-hesabsız hərbi kampaniyalarına qarşı mübarizə apardığı bildirilir”, – deyə Əmir Əliyev qeyd edib.
O vurğulayıb ki, film bir tərəfin baxışını təqdim edir. Böyük beynəlxalq media qurumu tarixi konteksti öz adından təqdim edirsə, bu məlumatlar dəqiq olmalıdır.
Ə.Əliyev məktubunda Qarabağın beynəlxalq səviyyədə Azərbaycanın tərkib hissəsi kimi tanındığını və bu mövqenin dəyişmədiyini bildirib. Professor Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci ildə “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərara istinad edərək, məhkəmənin Ermənistanın sözügedən ərazilər üzərində səmərəli nəzarət həyata keçirdiyini müəyyənləşdirdiyini qeyd edib. O, həmçinin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin Azərbaycanın ərazi bütövlüyünü təsdiqlədiyini və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etdiyini vurğulayıb.
Bildirib ki, “The Guardian”dan məktubu qəzetin “Letters” bölməsində dərc etmək, didərginlik və zorakılıq yaşamış azərbaycanlıların, o cümlədən Xocalı faciəsinin qurbanlarına və sağ qalanların mövqeyinə də yer vermək xahiş olunub. Əmir Əliyev qəzetə, həmçinin hər iki tərəfin mövqeyinin təqdim olunması üçün azərbaycanlı rejissorların faktlara əsaslanan sənədli filmlərinə də diqqət yetirməyi təklif edib.
“Biz sənədləşdirilmiş araşdırmalar, eləcə də birinci əldən məlumat təqdim etməyə hazırıq. Azərbaycan və Ermənistan barışıq istiqamətində çalışdığı bir vaxtda balanslı yanaşma xüsusilə vacibdir”, – deyə hüquq elmləri doktoru bildirib.
