2026/2027-ci tədris ilinin birinci yarısı üzrə peşə təhsili pilləsində təhsilalanların köçürülməsi və bərpası prosesinə başlanılıb.
Bu barədə NTV-yə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, müraciət etmək istəyən şəxslər “portal.edu.az” platformasında şəxsi kabinetə daxil olaraq “Təhsilalanların köçürülməsi və bərpası” xidmətindən yararlana bilərlər. Müraciətlərin qəbulu sentyabrın 10-u saat 18:00-da başa çatacaq.
Təhsil müəssisəsini, ixtisasını dəyişən və təhsil müəssisəsinə bərpa olunan şəxslər, müəyyən edilmiş istisnalar nəzərə alınmaqla, təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.
İlk peşə təhsili səviyyəsində təhsilalanların təhsil müəssisəsini və ixtisasını dəyişməsinə yol verilmir. Texniki peşə təhsili səviyyəsində isə birinci kursu başa vurmayan təhsilalanların təhsil müəssisəsini və ixtisasını dəyişməsinə icazə verilmir.
Peşə təhsili müəssisələrində ixtisasın dəyişdirilməsi və bərpa “Peşə təhsili üzrə ixtisasların Təsnifatı” ilə müəyyənləşdirilən eyni ixtisas qrupu daxilində həyata keçirilir.
Müraciət edənlər nəticələri barədə məlumatı müraciətlərin qəbulu başa çatdıqdan sonra 15 gün ərzində şəxsi kabinetləri vasitəsilə əldə edə bilərlər.
