satellite   Azerspace-1: 11135 H 30000

Murat Kurum: Azərbaycan COP29-da tolerantlıq və qardaşlıq ölkəsi olaraq çox gözəl şəkildə tanıdıldı

Murat Kurum: Azərbaycan COP29-da tolerantlıq və qardaşlıq ölkəsi olaraq çox gözəl şəkildə tanıdıldı

Azərbaycan hökumətini, azərbaycanlı dostlarımızı təbrik etmək istəyirəm. COP29-a sədrlik və ev sahibliyi etdilər, bütün dünyaya tolerantlıq və qardaşlıq ölkəsi olan Azərbaycanı çox gözəl şəkildə tanıtdılar. Bütün iştirakçıları yüksək səviyyədə qəbul etdilər və uğurlu nəticələr əldə olundu. Biz həmişə bunu deyirik: keçmişdəki bütün COP sədrliklərinin qəbul etdiyi qərarları yüksək qiymətləndiririk və istəyirik ki, COP31-də üzərimizə götürdüyümüz bayraq yarışında bu bayrağı daha da yüksəklərə qaldıraraq qətiyyətlə irəliləyək.

NTV xəbər verir ki, bu sözləri AZƏRTAC-ın sualını cavablandıran COP31 Sədri, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum İstanbulda beynəlxalq media nümayəndələri ilə görüşündə ifadə edib.

Təşkilati məsələlərin böyük əhəmiyyət daşıdığını deyən COP31 Sədri bildirib ki, atılan hər bir addım, keçirilən hər bir görüş nəticəsində çox mühüm qərarlar qəbul edilir.

“Biz Ankarada tərəfdaşlarımızı qəbul etdik və burada qəbul edilən qərarlar bütün dünyaya çatdırıldı. Burada Türkiyənin sülhə və əməkdaşlığa verdiyi önəmi bir daha göstərdik. Ən azı, əvvəlki çıxışımızda qeyd etdiyimiz kimi, müharibələrdə əziyyət çəkən məzlum insanların səsinin hər zaman gündəmdə olmasını istəyirik. Əslində, bu da bizim sədrliyimizin əsas məqsədlərindən biridir”, - deyə o bildirib.

Murat Kurum bildirib ki, COP sədrliyi çərçivəsində Türkiyə Antalyada 197 ölkəni qəbul edəcək. Əsas məqsəd sədrliyi hər bir ölkəni əhatə edən, hər kəsi dinləyən və ortaq məxrəc tapmağa çalışan bir prosesə çevirməkdir.

“Hər ölkəni dinləyəcəyik, hər kəslə məsləhətləşəcəyik və əldə olunan razılaşmalar çərçivəsində fəaliyyət göstərəcəyik. Bu dəyişimi Antalyada qəbul ediləcək qərarlarda əks etdirmək istəyirik. Bu məqsədlə niyyətimizi və görmək istədiyimiz işləri bütün dünyaya açıqladıq. Yəni nə etmək istədiyimizi və hansı nəticəyə nail olmaq istədiyimizi bütün dünyaya elan etmiş olduq.

İqlim dəyişikliyi faktiki olaraq bütün sektorları əhatə edir. Bu gün dünyada enerji təchizatı və enerji təhlükəsizliyi ilə bağlı ciddi müzakirələrin getdiyini görürük. Görüşlərimiz də bunu bizə aydın şəkildə göstərir.

Prezident Ərdoğan da bütün dünya liderlərinə müraciət edəcək. Biz gələcək nəsillərimizə, övladlarımıza və uşaqlarımıza gözəl bir miras buraxacağımız, arzuladığımız dünyanı qurmaq xəyalının ardınca gedirik. İnşallah, bütün dostlarımızla birlikdə bu xəyalı gerçəkləşdirəcəyik”, - deyə Murat Kurum qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM