Bu ilin yanvar-iyul aylarında turizm məqsədilə Azərbaycana səfər etmiş 907 min 242 turistdən 27 min 926 nəfəri birgünlük ziyarətçi olub.
NTV Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 30 % çoxdur.
Birgünlük ziyarətçilərin 23 min 888 nəfəri (+29 %) tranzit məqsədilə səfər edib.
Hesabat dövründə 1 367 nəfər (+77,5 % ) işgüzar, 1 358 nəfər (+11,8 %) istirahət və əyləncə məqsədilə, 1 097 nəfər ( +31,8 %) qohum və dostlara baş çəkmək məqsədilə, 113 nəfəri (+34,5 % ) alış-veriş, 103 nəfər ( 2,2 dəfə çox) isə dini ziyarət məqsədilə ölkəyə gəlib.
Ölkələr üzrə ən çox birgünlük ziyarətçi qeyri-qonşu ölkələrin payına düşüb -12 min 102 nəfər (+18,6 %).
Sonrakı yerlərdə 9 min 419 nəfər Rusiya ( +36,4 % ), 5 min 23 nəfərlə Türkiyə (+ 57,1 %), 1 106 nəfərlə Gürcüstan (+28 % ) və 276 nəfərlə İran (-10,1 %) qərarlaşıb.
Rusiya vətəndaşlarından 7 min 804 nəfər (+37,1 % ), Türkiyə vətəndaşlarından isə 3 min 605 nəfər (+53,4 %) Azərbaycandan tranzit keçid üçün istifadə edib.
Birgünlük ziyarətçilər yanvar-iyul aylarında ölkədə ümumilikdə 11 milyon 785,6 min manat xərcləyiblər. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 26,8 % çoxdur.
Xərclərin 9 milyon 423,6 min manatı və ya 79,9 %-i nəqliyyat xidmətlərinin payına düşüb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26 % çoxdur.
Hesabat dövründə turistlər malların və hədiyyələrin alınmasına 1 milyon 417,5 min manat (+32,8 %), qidalanmaya 904,1 min manat (+26,2 %), mədəniyyət xidmətlərinə 6,2 min manat (+29,1 %), idman və əyləncə xidmətlərinə 3,3 min manat (+43,4 % ), digər xərclərə 30,9 min manat (+32 %) xərcləyiblər.
Ölkələr üzrə ən böyük xərc qeyri-qonşu ölkələrdən gələn ziyarətçilərə məxsus olub - 6 milyon 419,7 min manat (+ 17,4 %), Rusiya vətəndaşları Azərbaycanda 3 milyon 599,7 min manat (+38,7 %), Türkiyə vətəndaşları 1 milyon 271,9 min manat (+57,9 %), Gürcüstan vətəndaşları 385 min manat (+ 28,1 %), İran vətəndaşları 109,3 min manat (- 11,9 %) xərcləyiblər.
Beləliklə, birgünlük ziyarətçilərin böyük hissəsi Azərbaycandan tranzit məqsədilə istifadə edir və onların xərclərinin əsas hissəsi nəqliyyata yönəlir.
Hesabat dövründə Azərbaycana 191 ölkədən 1 milyon 342,6 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
