NTV xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə bildirib ki, Nazirlik üçün cari il ərzində müəyyən edilmiş hədəflərin bir hissəsi artıq icra olunub. Naxçıvan Regional DOST Mərkəzi fəaliyyətə başlayıb, həmçinin 68 imtiyazlı şəxsə mənzillər təqdim olunub.
“Növbəti hədəfimiz muxtar respublikanın bütün rayonlarında Naxçıvan Regional DOST Mərkəzinin qəbul şöbələrinin fəaliyyətə başlamasıdır. Hazırda muxtar respublikanın bütün rayonlarında qəbul şöbələrinin fəaliyyətə başlaması istiqamətində əsaslı təmir işləri həyata keçirilir. Digər növbəti hədəfimiz Naxçıvan Regional İnformasiya Mərkəzi ilə bağlıdır. Bura əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və onların bilik və bacarıqlarının üzə çıxarılması istiqamətində fəaliyyət göstərən bir mərkəzdir və Heydər Əliyev Fondu tərəfindən yaradılmışdır. Artıq həmin mərkəzin bazasında Naxçıvan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyətə başlaması istiqamətində işlər davam etdirilir. Layihələndirmə işləri yekunlaşıb, yaxın aylarda mərkəzdə əsaslı təmir işlərinə başlanılması hədəflənib”, – deyə nazir bildirib.
