Naxçıvan Muxtar Respublikasında (MR) 150 sosial xidmətdən 73-ü elektron, 50-si proaktiv qaydada təqdim olunur.
NTV xəbər verir ki, bunu muxtar respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə deyib.
O bildirib ki, Naxçıvanda sosial müdafiə sahəsində rəqəmsallaşma artıq yeni mərhələyə qədəm qoyub.
Nazirin sözlərinə görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminə daxil olan müvafiq altsistemlərə 2023-cü ildən etibarən muxtar respublika üzrə bütün məlumat bazaları inteqrasiya edilib:
"Bu imkan vətəndaşlara istənilən DOST Mərkəzinə müraciət etmək, həmçinin 142 Çağrı Mərkəzi vasitəsilə müraciətlərini təqdim etmək imkanı yaradır".
F.Bağırzadə qeyd edib ki, elektronlaşmanın miqyasını göstərən əsas göstəricilərdən biri də sosial xidmətlərin elektron və proaktiv qaydada təqdim olunmasıdır: "Muxtar Respublikada 150 xidmətdən 73-ü elektron, 50-si isə proaktiv qaydada vətəndaşlara təqdim edilir".
O vurğulayıb ki, yaşa və əlilliyə görə, həmçinin sosial müavinət və təqaüdlər üzrə proaktiv təyinatların payı 80 faiz təşkir edir.
