ABŞ-ın Yəmənə endirdiyi hava zərbələri nəticəsində azı 38 nəfər ölüb, 102 nəfər isə yaralanıb.
NTV xəbər verir ki, bu barədə Yəmənin “Ənsar Allah” hərəkatının nəzarətində olan “Al Masirah” telekanalı məlumat yayıb.
Məlumata görə, aprelin 18-i gecə saatlarında Əl-Hodeyda əyalətinin Qırmızı dəniz sahilində yerləşən və neft terminalının olduğu Ras-İsa limanı havadan hücuma məruz qalıb. Zərbələr nəticəsində limanda böyük yanğın baş verib.
Birləşmiş Ştatların Mərkəzi Komandanlığı Ras-İsa limanının bombardmana məruz qaldığını təsdiqləyib. ABŞ Hərbi Hava Qüvvələri Yəmənin hərbi və mülki obyektlərinə ümumilikdə 14 reyd həyata keçirib.
Xatırladaq ki, 2023-cü ildə Qəzza sektorunda döyüş əməliyyatları başlayandan sonra Yəmən İsrail ərazilərini atəşə tutacaqları və yəhudi dövlətinə gedən gəmilərin Qırmızı dəniz və Bab-əl-Məndəb boğazından keçməsinin qarşısını alacaqları barədə xəbərdarlıq edib. 2025-ci il yanvarın ortalarında Qəzzada atəşkəs elan edildikdən sonra Yəmənin İsrailə hücumları dayandırılıb. Lakin martın əvvəlində atəşkəs yenidən pozulub və husilər İsrailə və Qırmızı dənizdəki İsrail gəmilərinə hücumları bərpa etdiklərini açıqlayıblar.
Martın 15-də Prezident Donald Trampın göstərişi ilə ABŞ “Ənsar Allah” hərəkatının mövqelərinə kütləvi zərbələr endirməyə başlayıb. Husilər isə buna cavab olaraq Qırmızı dənizin şimalında ABŞ-ın “Harry Truman” aviadaşıyıcısına raket və pilotsuz təyyarələr vasitəsilə silsilə hücumlar həyata keçirib.