Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Yaxın Şərqdə vəziyyət gərginləşməyə davam edərsə, Hörmüz boğazı vasitəsilə həyata keçirilən tədarüklərlə bağlı neft hasilatı yaxın bir ay ərzində tam dayana bilər.
NTV xəbər verir ki, Rusiya lideri bu barədə qlobal neft və qaz bazarındakı vəziyyətə dair keçirilən müşavirədə danışıb. Onun sözlərinə görə, Rusiya dəfələrlə xəbərdarlıq edib ki, Yaxın Şərqdə vəziyyəti gərginləşdirmək cəhdləri qlobal yanacaq-energetika kompleksi üçün ciddi nəticələrə gətirib çıxaracaq.
Vladimir Putin qeyd edib ki, gərginlik fonunda dünya bazarında neftin qiyməti son bir həftədə təxminən 30 faiz artıb. Bununla yanaşı, onun sözlərinə görə, enerji daşıyıcılarının hazırkı yüksək qiymətləri müvəqqəti xarakter daşıyır və Rusiya bunu anlayır.
Rusiya Prezidenti, həmçinin vurğulayıb ki, Moskva siyasi konyunkturadan kənar, uzunmüddətli və sabit əməkdaşlıq şərti ilə Avropanın karbohidrogen alıcıları ilə işləməyə hazırdır. “Əgər Avropa şirkətləri və alıcıları istiqaməti dəyişərək bizimlə siyasi konyunkturadan kənar uzunmüddətli və dayanıqlı birgə işi təmin etməyə qərar versələr, buyursunlar. Biz heç vaxt bundan imtina etməmişik. Biz avropalılarla da işləməyə hazırıq”, – deyə Vladimir Putin söyləyib.
Rusiya dövlət başçısı əlavə edib ki, hökumətə qlobal enerji resursları bazarındakı vəziyyəti nəzarətdə saxlamaq tapşırılıb.
