Birləşmiş Millətlər Təşkilatının ticarət və inkişaf agentliyi (UNCTAD) ekspertlərinin hesabatına görə, Hörmüz boğazında gəmiçiliyin pozulması qlobal ərzaq qiymətlərinin artmasına da səbəb ola bilər.
NTV BMT-nin məlumatına istinadla xəbər verir ki, təşkilatın ekspertlərinin qənaətinə görə, enerji, gübrə və nəqliyyat xidmətlərinin qiymətlərinin qalxması, o cümlədən gəmiçilik xərcləri, dəniz yanacağı, sığorta, qida qiymətlərinin yüksəlməsinə, xüsusilə, ən həssas təbəqə arasında ev təsərrüfatlarının büdcəsinə təzyiqin artmasına səbəb ola bilər.
Onlar qeyd edirlər ki, enerji bazarları boğazdan tranzitin bağlanmasına dərhal reaksiya verib. 1990-cı ilin yanvarından 2026-cı ilin fevralına qədər enerji böhranı məlumatlarının təhlilinə əsasən, UNCTAD artan neft və ərzaq qiymətləri arasında birbaşa əlaqəyə işarə edir.
Martın 2-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun general-mayoru İbrahim Cabari xəbərdarlıq edib ki, dünya neft ixracının təxminən beşdəbirinin keçdiyi Hörmüz boğazı İsrail və ABŞ-nin hərbi əməliyyatları səbəbindən gəmiçilik üçün bağlanacaq. Martın 5-də İranın xarici işlər naziri Abbas Əraqçi boğazın bağlanmadığını və hər iki tərəfdən olan hücumlardan qorxan tankerlər də daxil olmaqla gəmilərin oradan keçməyə cəhd etmədiyini bildirib.
