Yaxın Şərqdə gərginliyin artması və İran ətrafında davam edən hərbi qarşıdurma turizm və səyahət sənayesinə ciddi iqtisadi zərbə vurur.
NTV “The Independent”ə istinadla xəbər verir ki, Dünya Səyahət və Turizm Şurasının yeni araşdırmasına görə, ABŞ və İsrailin İrana hücumları, həmçinin Tehranın Körfəz ölkələrinə cavab zərbələri nəticəsində regionda beynəlxalq turistlərin xərcləri gündə ən azı təxminən 450 milyon funt sterlinq azalıb. Bu isə saatda təxminən 20 milyon funt sterlinq itki deməkdir.
Təşkilat bu azalmanı hava nəqliyyatında yaranan fasilələr, səyahətçilərin etimadının azalması və regional aviasiya əlaqələrinin pozulması ilə izah edir.
Normal şəraitdə hər gün təxminən yarım milyon sərnişin regionun əsas aviasiya mərkəzləri olan Dubay və Əbu-Dabi (BƏƏ), həmçinin Doha (Qətər) üzərindən uçuş həyata keçirir. Yaxın Şərq adətən qlobal beynəlxalq turist axınının təxminən 5 faizini təşkil edir. Beynəlxalq tranzit sərnişinlərinin isə 1/7-i məhz Körfəz ölkələrində yerləşən bu hava qovşaqlarından keçir. Lakin hazırda həmin hava limanlarında kommersiya uçuşları əhəmiyyətli dərəcədə azalıb və regiona turist axını kəskin azalıb.
Bir çox ölkələr, o cümlədən Böyük Britaniya vətəndaşlarını Yaxın Şərqə səyahətdən çəkinməyə çağırır. Bununla belə ekspertlər hesab edirlər ki, münaqişə qısa müddətdə səngiyərsə, ucuz biletlər və aviasiya əlaqələrinin bərpası sayəsində turizm sektorunda nisbətən sürətli bərpa mümkündür.
Aytən Abbaslı
