Çində doğumu təşviq etmək üçün analıq sığortasının əhatə dairəsini genişləndirmək və doğuşa görə valideyn məzuniyyətini tam şəkildə tətbiq etmək üçün işlər görüləcək.
NTV xəbər verir ki, bu Çinin 2026-2030-cu illərdə sosial-iqtisadi inkişafını əhatə edən 15-ci beşillik planında öz əksini tapıb.
Çinin ali qanunverici orqanı olan Xalq Nümayəndələri Yığıncağının illik sessiyasının yekununda qəbul edilən beşillik plan bir sıra mühüm sahələri əhatə edir.
Bu barədə danışan Çinin Milli İnkişaf və İslahat Komissiyasının sədr müavini Cien Bey bildirib ki, insanların təhsil və səhiyyə standartlarını əhəmiyyətli dərəcədə yaxşılaşdırılması 15-ci beşillik planın əsas istiqamətlərindən biridir.
Layihədə əməkqabiliyyətli əhalinin orta təhsil illərinin, orta ömür uzunluğunun və hər 1000 nəfərə düşən tibb işçilərinin sayının artırılması hədəfləri müəyyən edilib.
Bundan başqa, yaşlılara və uşaqlara baxım xidmətlərinin yaxşılaşdırılması məsələsi də növbəti beş ildə diqqət mərkəzində olacaq.
Xalq Nümayəndələri Yığıncağı Çində dövlət hakimiyyətinin ali orqanıdır, dövlətin qanunverici funksiyalarını həyata keçirir, ölkə həyatının mühüm sahələrinə dair qərarlar qəbul edir. Yığıncağın hər çağırışının səlahiyyət müddəti beş ildir, onun sessiyaları ildə bir dəfə adətən martın əvvəlində keçirilir.
