Fransa İctimai Səhiyyə Agentliyinin noyabrın 3-də dərc etdiyi araşdırmanın nəticəsinə görə, işsiz insanlar psixoloji sağlamlıq baxımından daha ağır vəziyyətlə üzləşirlər.
NTV xəbər verir ki, tədqiqat çərçivəsində 18–64 yaş arası təxminən 15 min nəfər arasında telefon sorğusu keçirilib.
Nəticələr göstərib ki, işsiz qadınlarda depressiya halları daha çox qeydə alınır. Son bir ildə depressiv epizod keçirən qadınların payı 27,2 faiz olduğu halda, işləyən qadınlarda bu göstərici 17 faiz təşkil edib. Hesabatda işsizliyin uzanmasının insanın əmək fəaliyyətini, sosial əhatəsini və cəmiyyətlə əlaqələrini zəiflətdiyi vurğulanıb.
“France Travail” təşkilatının keçirdiyi sorğunun nəticələrinə görə, işsizlərin 56 faizi mənzil, səhiyyə və ya iş əldə etmək sahəsində ayrı-seçkiliyə məruz qaldığını, 37 faizi fikirlərinə daha az ciddi yanaşıldığını, 30 faizi isə özünə daha az hörmət göstərildiyini qeyd edib.
Araşdırma işsizliyin psixoloji sağlamlığın pisləşməsinin yeganə səbəbi olduğunu sübut etməsə də, mütəxəssislər məqsədyönlü profilaktik tədbirlərin vacibliyini vurğulayıblar. Hesabatın müəllifləri xüsusilə gənc və təkvalideynli ailələrdə yaşayan qadınların diqqət mərkəzində saxlanılmasını tövsiyə ediblər.
Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarında və bəzi Avropa ölkələrində sınaqdan keçirilən proqramların həm işə qayıdışa, həm də psixoloji sağlamlığın qorunmasına müsbət təsir göstərə bildiyi diqqətə çatdırılıb.
