Yüksək neft qiymətləri və faiz dərəcələrinin yaratdığı təzyiqlərə baxmayaraq, mərkəzi banklar cari ilin üçüncü rübündə 2024-cü ilin sonundan bəri ən sürətli templə qızıl alışı həyata keçiriblər.
NTV xəbər verir ki, Dünya Qızıl Şurasının hesabatına görə, hesabat dövründə mərkəzi banklar xalis 321 ton qızıl alıblar. Bununla da cari ilin 9 ayında ümumi alış həcmi 675 tona çatıb.
Eyni zamanda, qlobal qızıl bazarında zərgərlik məmulatlarına və külçə qızıla tələbin azalmasına baxmayaraq, birja investisiya fondlarına investisiya axını rekord həddə yüksəlib.
Cari ilə nisbətən zəif başlanğıcdan sonra üçüncü rübdə qeydə alınan aktivlik mərkəzi bankların qızıl ehtiyatlarını artırmaq siyasətini davam etdirdiyini göstərir. Beləliklə, ilin əvvəlindən həyata keçirilən təxmini alışların həcmi ötən ilin müvafiq dövrünün göstəricisini bir qədər üstələyib.
Bu göstəricilər yanvar ayında tarixi maksimuma yüksələn qızılın bahalaşmasında mühüm rol oynayan mərkəzi bankların bazara dəstəyini davam etdirdiyini təsdiqləyir. Bununla belə, fevralın sonunda ABŞ-İran müharibəsinin başlamasından sonra qızılın qiyməti təxminən 25 faiz ucuzlaşıb. Enerji qiymətlərinin artması və bunun fonunda faiz dərəcələrinin yüksələcəyi ilə bağlı gözləntilərin güclənməsi gəlir gətirməyən qızıla tələbi zəiflədib.
Dünya Qızıl Şurasının baş bazar strateqi Con Rid bildirib ki, hesabat rübündə qızılın qiymətində müşahidə olunan eniş bəzi mərkəzi bankları alış həcmini artırmağa sövq etmiş ola bilər. Onun sözlərinə görə, ABŞ dollarının uzunmüddətli perspektivdə zəifləyəcəyini gözləyən mərkəzi banklar üçün dolların bahalaşması ehtiyatların bir hissəsinin qızıla yönəldilməsini daha cəlbedici edib.
Strateq qeyd edib ki, dolların gələcəkdə dəyər itirəcəyini düşünən və müddəti başa çatan qısamüddətli ABŞ xəzinə istiqrazlarına sahib olan qurumlar həmin vəsaitlərin bir hissəsini qızıl alışına yönəldə bilərlər.
Açıqlanmayan alışlar və əsas alıcılar
Mərkəzi bankların təxmin edilən qızıl alışlarının təxminən üçdəikisi müvafiq qurumlar tərəfindən ictimaiyyətə açıqlanmayıb. Dünya Qızıl Şurasının sifarişi ilə “Metals Focus Ltd.” konsaltinq şirkəti alış həcmlərini açıq məlumatlar, ticarət statistikası və sahə araşdırmaları əsasında hesablayır. Hesabat dövründə alışlarını açıqlayan ən böyük alıcılar Çin və Polşa olub. Çin qızıl ehtiyatlarını 63 ton, Polşa isə 41 ton artırıb. Rusiya isə dövr ərzində 19 ton qızıl sataraq əsas satıcı kimi qeydə alınıb.
Yaxın Şərqdəki müharibənin xam neft qiymətlərini və faiz dərəcələri ilə bağlı gözləntiləri yüksəltməsi son aylarda qızıl bazarında qiymətlərin enməsinə səbəb olub. Buna baxmayaraq, qızıl fondlarına investisiya axını yüksək olaraq qalıb. Dünya Qızıl Şurasının məlumatına əsasən, bu fondlarda saxlanılan qızılın həcmi üçüncü rübdə 211 ton artaraq rekord səviyyəyə çatıb.
Zərgərlik məmulatlarına tələbat kəskin azalıb
Hesabat dövründə zərgərlik məmulatlarına tələbat 17 faiz azalaraq 313 tona enib. Hindistan və Çində vergi dəyişiklikləri, eləcə də qızılın bahalaşması istehlakçıları daha yüngül və aşağı əyarlı məmulatlara üstünlük verməyə vadar edib. Bu göstərici Dünya Qızıl Şurasının 2000-ci ildən apardığı müşahidələr üzrə üçüncü rüb üçün ən aşağı səviyyə olub.
Mədənlərdə qızıl hasilatı illik müqayisədə 3 faiz artaraq 1071 ton təşkil edib və üçüncü rüb üzrə rekord göstəriciyə çatıb. Təkrar emal yolu ilə əldə edilən qızılın həcmi isə 8 faiz azalaraq 314 tona düşüb. Bu, 2023-cü ildən bəri qeydə alınan ən aşağı göstəricidir.
Qızıl külçələrə və sikkələrə tələbat da 19 faiz azalaraq 268 tona enib. Bununla belə, Çində həmin məhsullara tələbat 7 faiz artaraq 79 tona çatıb. Nəticədə ölkədə ilin əvvəlindən qızıl külçə və sikkələrə yönələn tələbat 393 tonla rekord səviyyəyə yüksəlib.
