Liviyanın ən böyük neft yatağı olan “Şarara”dan xam nefti nəql edən boru kəmərinin bağlanması nəticəsində gündəlik hasilatın təxminən 350 min barel azaltması gözlənilir. NTV xarici mediaya istinadla xəbər verir ki, bu barədə Liviya Milli Neft Korporasiyası (MNK) məlumat yayıb.
MNK qanundankənar fəaliyyət göstərən qrupun xətdəki klapanı bağladığını bildirib. Həmada boru kəmərinin ayrıca bağlanması da Liviyaya gündə təxminən 15 min barelə başa gəlirdi və gözlənilən ümumi itkini 365 min barelə çatdırır.
Korporasiyanın rəqəmlərinə görə, bu, Liviyanın oktyabr ayında orta xam neft hasilatının təxminən 26 faizinə bərabər olacaq. Həmin vaxt ölkədə 43,47 milyon barel və ya gündə təxminən 1,4 milyon barel neft hasil olunurdu.
Liviyanın cənub-qərbində yerləşən “Şarara” yatağı həm yerli neft emalı zavodunu, həm də ixrac üçün xam neft yükləyən tankerləri qidalandıran “Zaviyə” sahil terminalını təchiz edir. “Akakus Oil Operations” yatağın idarəçiliyini NOC və dörd beynəlxalq tərəfdaş - İspaniyanın “Repsol”, Fransanın “TotalEnergies”, Avstriyanın OMV və Norveçin “Equinor” şirkətləri ilə birlikdə həyata keçirir. Bu yataqda hasilat avqust ayında gündə təxminən 335 min barelə çatıb. Həmin ay NOC və “Akakus” 2027-ci ilin ortalarına qədər hasilatı gündə təxminən 355 min barelə çatdırmaq planlarını müzakirə edib.
