Avropada rəqəmsal suverenliyin gücləndirilməsi istiqamətində səylər artmaqdadır.
NTV “Reuters”ə istinadən xəbər verir ki, Avropa rəhbərləri kritik rəqəmsal xidmətlərin onların nəzarəti altında fəaliyyət göstərməsini təmin etmək üçün daha ciddi addımlar atmaqdadırlar.
Belə ki, hökumətlər və şirkətlər bulud xidmətləri üzrə müqavilələrin bağlanması zamanı rəqəmsal suverenlik meyarlarını getdikcə daha çox nəzərə alırlar. Bu səylər Avropa siyasətçilərinin və biznes dairələrinin ABŞ texnologiyalarından asılılığa daha həssas yanaşdığı bir dövrə təsadüf edir. ABŞ Prezidenti Donald Trampın bəzi texnologiyalara çıxışı məhdudlaşdırması strateji asılılıqlarla bağlı narahatlıqları da artırıb. Eyni zamanda, bulud xidmətlərində baş verən fasilələr kritik xidmətlərin məhdud sayda təchizatçıda cəmləşməsinin yaratdığı riskləri üzə çıxarıb.
Avropa Komissiyasının Avropada bulud və süni intellekt infrastrukturunun inkişafını sürətləndirməyə yönəlmiş “Cloud and AI Development Act” (Bulud və süni intellektin inkişafı aktı) adlı qanun layihəsi də daxil olmaqla, son təşəbbüsləri bu tendensiyanı gücləndirib.
“Google” şirkəti bildirib ki, dövlət satınalmaları üzrə tenderlərdə təchizatçılar getdikcə daha çox əməliyyat müstəqilliyi, şifrələmə açarlarına nəzarət və bulud xidmətlərindən çıxış imkanları baxımından qiymətləndirilir. Sonuncu meyar müştərilərə zərurət yarandıqda tətbiqlərini və məlumatlarını başqa təchizatçıya köçürmək imkanı verir. Beləliklə, qiymətləndirmə yalnız məlumatların harada saxlanılması ilə məhdudlaşmır.
“Google” şirkətinin məlumatına görə, maliyyə şirkətləri üçün texnoloji risk standartlarını müəyyən edən Aİ-nin Rəqəmsal Əməliyyat Dayanıqlılığı Aktı (DORA) və NIS2 kibertəhlükəsizlik qaydaları kimi tənzimləmələr müştəriləri məlumatlarına, bulud əməliyyatlarına və kritik texnoloji infrastruktura kimin nəzarət etdiyini daha diqqətlə araşdırmağa sövq edir.
“Microsoft 365” platformasına öz serverlərində yerləşdirilə bilən alternativ proqram təminatı hazırlayan “Nextcloud” şirkətinin bildirdiyinə görə, Trampın ikinci prezidentlik müddətinin başlanmasından bəri onun proqram təminatına tələbat təxminən beş dəfə artıb.
“T-Systems” isə suveren bulud xidmətlərinə tələbatın 2025-ci ilin ortalarından bəri dörd dəfədən çox yüksəldiyini açıqlayıb.
Tələbatın artmasına baxmayaraq, xidmət təchizatçıları bildirirlər ki, mövcud platformalardan digər sistemlərə keçid prosesi hələ də ləng gedir. Bir çox təşkilat hələ də “Microsoft Office”, “Microsoft 365” və mövcud bulud infrastrukturu ilə sıx bağlıdır.
“Amazon Web Services” (AWS), “Microsoft” və “Google” da bu tendensiyaya cavab olaraq öz suveren bulud xidmətlərini təqdim ediblər. AWS bildirib ki, oktyabr ayında keçirilən sınaq zamanı onun Avropa Suveren Buludunun Avropa İttifaqından kənardakı infrastrukturdan müstəqil şəkildə fəaliyyət göstərə bildiyi nümayiş etdirilib.
“Google” şirkəti bildirib ki, müştərilər ayrı-ayrı təchizatçılardan asılılığı azaltmaq üçün bulud xidmətlərindən çıxış strategiyalarına və açıq standartlara getdikcə daha çox maraq göstərirlər.
