Rusiyanın “Gazprom” enerji şirkəti Avropanın yeraltı təbii qaz anbarlarında olan ehtiyatların həcminin 70 milyard kubmetrdən aşağı düşdüyünü açıqlayıb.
NTV xarici mediaya istinadla xəbər verir ki, şirkətin yaydığı yazılı məlumatda “Gas Infrastructure Europe” təşkilatının noyabrın 21-nə olan göstəricilərinə əsasən, Avropanın qaz anbarlarındakı ehtiyatların ötən ilin eyni dövrü ilə müqayisədə 11,1 milyard kubmetr az olduğu bildirilib.
Qeyd olunub ki, hazırda Avropanın yeraltı qaz anbarlarında ehtiyatların həcmi 70 milyard kubmetrdən aşağıdır. Ötən illə müqayisədə yaranan fərq Fransadakı bütün yeraltı qaz anbarlarının ümumi tutumuna yaxındır.
Məlumatda Avropa ölkələrinin təbii qaz anbarlarından istifadə mövsümünə aşağı ehtiyat səviyyəsi ilə başladığı və hazırda anbarlardan intensiv şəkildə qaz götürülməsinin davam etdiyi vurğulanıb. Bildirilib ki, Niderlanddakı yeraltı qaz anbarlarının doluluq səviyyəsi də 60 faizdən aşağı düşüb.
“Gazprom” xəbərdarlıq edib ki, qaz anbarlarında ehtiyatların aşağı olması qış aylarında istehlakın artdığı dövrlərdə Avropanın xarici mənbələrdən təbii qaz tədarükündən asılılığını daha da artırır.
