ABŞ-nin rəhbərlik etdiyi konsorsium Rusiyanın enerji şirkəti “Lukoil”in ölkə hüdudlarından kənarda yerləşən neft və qaz aktivlərini özündə birləşdirən “Lukoil International” şirkətini səhmlərin mübadiləsi yolu ilə satın almaq barədə razılığa gəlib. Sövdələşmənin başa çatması ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) şərti razılığından və digər zəruri təsdiqlərin alınmasından asılı olacaq.
NTV xarici mediaya istinadla xəbər verir ki, “Eldridge” şirkəti tərəfindən yayılan açıqlamada “Lukoil International GmbH”nin satın alınması ilə bağlı yekun razılaşmanın əldə olunduğu bildirilib. Sövdələşmənin əsas məqsədi mühüm qlobal enerji aktivlərinin ABŞ və onun müttəfiqlərinin mülkiyyətinə keçməsini təmin etməkdir. “Eldridge”in rəhbərlik etdiyi konsorsiuma ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC), Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Catena Investment Holding” şirkəti və “Xtellus Partners” daxildir.
Açıqlamada qeyd olunur ki, sövdələşmə inkişaf etməkdə olan və digər bazarlarda enerji aktivlərinin fəaliyyətinin sabitləşdirilməsinə, enerji təhlükəsizliyinin gücləndirilməsinə, eləcə də ABŞ ailələri və müəssisələrinin etibarlı enerji təchizatının dəstəklənməsinə xidmət edəcək. Eyni zamanda, ABŞ vergiödəyicilərinə milyardlarla dolların geri qaytarılması hədəflənir.
Razılaşmaya əsasən, “Lukoil”in Rusiyadan kənarda yerləşən neft və qaz aktivləri Rusiya ana şirkətinin mülkiyyətindən çıxarılaraq ABŞ-nin rəhbərlik etdiyi konsorsiuma veriləcək. Satın alınması nəzərdə tutulan aktivlərə Qərbi və Cənub-Şərqi Avropa, Yaxın Şərq, Mərkəzi Asiya, Şimali Afrika, Saxaradan cənubda yerləşən Afrika ölkələri və Şimali Amerikadakı obyektlər daxildir. Portfelə neft və qazın kəşfiyyatı və hasilatı sahələri, neft emalı zavodları, boru kəmərləri, habelə paylama və marketinq fəaliyyəti daxildir.
“Lukoil International” 11 ölkədə həyata keçirdiyi hasilat fəaliyyəti nəticəsində gündəlik təxminən 350 min barel neft ekvivalenti həcmində məhsul istehsal edir. Portfelə Balkan regionunun ən böyük neft emalı zavodu olan Bolqarıstandakı Burqas NEZ-i, eləcə də Niderlanddakı “Zeeland” və Rumıniyadakı “Petrotel” neft emalı zavodları daxildir. Ümumi emal gücü gündəlik təxminən 350 min barel olan bu müəssisələr minlərlə insanı işlə təmin edir. Qara dəniz, Balkanlar və Şimal-Qərbi Avropa bazarlarına xidmət göstərən zavodlar ABŞ-nin müttəfiqi olan ölkələrə dizel yanacağı da daxil olmaqla müxtəlif neft məhsulları tədarük edir. Bundan başqa, “Lukoil International”ın beynəlxalq ticarət şirkəti “LITASCO”ya, eləcə də Avropa, Şimali Amerika və Mərkəzi Asiyanın 16 ölkəsində 2 mindən çox pərakəndə satış məntəqəsinə malik olduğu bildirilir.
Sövdələşmə çərçivəsində konsorsium “Lukoil”in səhmdar cəmiyyətinə (PJSC Lukoil) və digər Rusiya şirkətlərinə məxsus məhdudiyyətlərə məruz qalan səhmləri “Lukoil International”ın kapitalının 100 faizi ilə dəyişdirəcək.
Açıqlamada bildirilib ki, ödəniş vasitəsi kimi həmin səhmlərdən istifadə edilməsi Rusiyaya birbaşa pul vəsaitinin köçürülməsinin qarşısını alacaq. DFC də ABŞ hökuməti adından şirkətdə iştirak payı əldə edəcək və bunun ilkin mərhələdə ABŞ vergiödəyiciləri üçün heç bir maliyyə yükü yaratmayacağı qeyd olunub. Satışdan əldə ediləcək vəsait beş il müddətində və ya sanksiyalar ləğv edilənədək məhdudiyyətlər tətbiq olunan xüsusi depozit hesabında saxlanılacaq. Sövdələşmə tamamlandıqdan sonra “Lukoil International”ın aktivləri tamamilə “Lukoil”in mülkiyyətindən çıxacaq.
Satınalma prosesinin başa çatması ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin şərti razılığının verilməsindən, aktivlərin hərtərəfli yoxlanılması prosedurlarının yekunlaşdırılmasından və digər zəruri tənzimləyici qurumların təsdiqinin alınmasından asılı olacaq.
