ABŞ Federal Rabitə Komissiyası (FCC) “SpaceX” şirkətinin kosmosda məlumat mərkəzləri yaratmaq məqsədilə bir milyona qədər peyk buraxılması ilə bağlı müraciətini təsdiqləyib. “Starmind” adlandırılan peyk şəbəkəsinin süni intellekt texnologiyalarına artan hesablama gücü tələbatının ödənilməsinə töhfə verəcəyi gözlənilir.
NTV xarici mediaya istinadla xəbər verir ki, FCC-nin açıqlamasında bunun ABŞ tarixində kosmosda məlumat mərkəzləri şəbəkəsinin yaradılmasına verilən ilk icazə olduğu bildirilib.
Kosmik tədqiqatlar, aviasiya və süni intellekt sahələrində fəaliyyət göstərən “SpaceX” şirkətinə böyük həcmdə məlumatları emal etmək üçün nəzərdə tutulan orbital hesablama modullarını yerləşdirməyə icazə verilib. Sistemin FCC-nin kosmik tullantılarla bağlı qaydalarına uyğun fəaliyyət göstərəcəyi qeyd olunub.
“SpaceX” süni intellekt hesablamalarına artan tələbatı qarşılamağa kömək etmək məqsədilə bir milyona qədər peykdən ibarət “Starmind” şəbəkəsi yaratmağı planlaşdırır. Şirkət peyk sisteminin ehtiyat və fövqəladə telemetriya, izləmə və idarəetmə əməliyyatlarında radiotezlik rabitəsindən istifadə edəcək. Bu rabitə peyklər arasında optik əlaqələri dəstəkləyəcək.
FCC digər orbital məlumat mərkəzlərinin yaradılması ilə bağlı müraciətlərə baxılmasını davam etdirdiyini bildirib. Qurumun adi prosedurlar çərçivəsində bu müraciətlər üzrə qərarları operativ şəkildə qəbul etməyi planlaşdırdığı qeyd olunub.
FCC-nin sədri Brendan Karr bildirib ki, ABŞ Prezidenti Donald Trampın rəhbərliyi altında süni intellekt texnologiyalarının yaratdığı imkanlardan və üstünlüklərdən yararlanmaq istiqamətində işlər davam etdirilir. Onun sözlərinə görə, “SpaceX” şirkətinə verilən icazə bu səyləri sürətləndirəcək.
“Bu addım Amerikanın liderliyini və iqtisadi inkişafını gücləndirəcək hesablama infrastrukturu üçün yeni və cəsarətli perspektivlər açır”, – deyə B.Karr vurğulayıb.
Məlumat mərkəzlərinin ABŞ-nin süni intellekt sahəsində liderliyinin qorunması baxımından əhəmiyyətinə toxunan FCC sədri qeyd edib ki, “SpaceX” və orbital məlumat mərkəzləri üzərində çalışan digər şirkətlər hesablama imkanlarını Yer kürəsindən kosmosa daşımaqla dövrün tələblərinə uyğun addımlar atırlar.
Onun sözlərinə görə, bu yanaşma kosmik və qabaqcıl texnologiyalar sahəsində ABŞ-nin potensialını birləşdirməyə, ölkənin iqtisadi liderliyini möhkəmləndirməyə və rifahını artırmağa imkan verə bilər.
